2016-08-25

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ Münaqişəsi: son gərginlik və münaqişənin regionun təhlükəsizliyi və inkişafına təsiri” mövzusunda dəyirmi masa təşkil olunmuşdur

22 aprel 2016-cı ildə Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi tərəfindən “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ Münaqişəsi: son gərginlik və münaqişənin regionun təhlükəsizliyi və inkişafına təsiri” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.

Tədbirin keçirilməsində məqsəd Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində beynəlxalq norma və prinsiplərə, o cümlədən suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına əsaslanan Azərbaycanın ədalətli mövqeyi, həmçinin münaqişənin bütün aspektləri və eyni zamanda 2-5 aprel 2016-cı ildə qoşunların təmas xəttində baş verən son gərginliklər barədə dolğun və dəqiq məlumatların Vyetnam ictimaiyyətinə və dövlət rəsmilərinə, KİV-lərə və bu ölkədə akkreditə olunan diplomatik korpusa çatdırılması olmuşdur.

Tədbiri giriş nitqi ilə açan Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, yaranma səbəbləri, nəticələri, regionun sabitliyi və inkişafına təsiri, münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi, ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar haqqında ətraflı məlumat vermişdir. Səfir xüsusi ilə qeyd etmişdir ki, Ermənistanın işğalı nəticəsində Azərbaycan ərazisinin 20% zəbt edilmiş, bir milyondan artıq əhali qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.   

Daha sonra səfir, 2016-cı ilin aprel ayı ərzində qoşunların təmas xəttində yaranmış gərginlik, Ermənistanın işğalçılıq siyasəti nəticəsində sözügedən toqquşmalar zamanı Azərbaycan mülki əhalisi arasında insan tələfatı və mülki əmlaka dəymiş ziyan və münaqişə bölgəsində son vəziyyət haqqında tədbir iştirakçılarına dolğun məlumat vermişdir.

A. İmanov, rəsmi Yerevanın işğalçılıq siyasətindən əl çəkmədiyini, yaranan son gərginliklərlə bağlı tam məsuliyyətin Ermənistan tərəfinin üzərinə düşdüyünə və məhz Ermənistanın təxribatçı hücumlarına cavab olaraq Azərbaycan ordusu tərəfindən əks həmlə tədbirlərinin görülməsini xüsusi vurğulamışdır. Səfir, toqquşmalarda Azərbaycan silahlı qüvvələri ilə döyüşlərdə Qondarma Dağlıq Qarabağ Respublikasının ordusunun deyil məhz Ermənistan silahlı qüvvələrinin iştirak etdiyini vurğulayaraq, KİV-lərdə münaqişə tərəflərinin, ümumiyyətlə məsələ ilə bağlı həqiqəti əks etdirən məlumatların dərc olunmasının əhəmiyyətini diqqətə çatdırmışdır. Səfir, ermənilərin Dağlıq Qarabağ ərazisinə köçürülməsinin 150-ci ildönümü ilə əlaqədar ucaldılmış abidənin foto-şəklini tədbir iştirakçılarına göstərərək, Ermənilərin bu ərazinin əzəli milləti olmadığını və onların müxtəlif yerlərdən Dağlıq Qarabağa köçürüldüyünün əyani sübutu olduğunu xüsusi vurğulamışdır.

A.İmanov münaqişə ilə bağlı BMT və digər beynəlxalq təşkilatların qəbul etdiyi çoxsaylı sənədlərdə əks etdirilən Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin təcili və qeyd-şərtsiz çıxarılmasını tələb edən müddəaların rəsmi Yerevan tərəfindən indiyə qədər yerinə yetirilmədiyini iştirakçıların diqqətinə çatdırmışdır. Səfir, işğalçı ölkəyə və işğala məruz qalmış ölkəyə eyni yanaşmanın nümayiş etdirilməsinin düzgün olmadığını vurğulamış və beynəlxalq ictimaiyyətin Ermənistana münaqişənin həlli ilə bağlı təzyiqlərin gücləndirilməsinin vacibliyini bildirmişdir. Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə, soyqırımı və hərbi cinayətlər nəticəsində yaranmış vəziyyətin qəbulolunmaz olduğunu, işğal olunmuş ərazilərdə süni yaradılmış qondarma Dağlıq Qarabağ Respublikasının dünyanın heç bir dövləti, o cümlədən Ermənistan tərəfindən də tanınmadığını qeyd etmişdir. A.İmanov, əlavə etmişdir ki, Azərbaycanın ərazi bütövlüyü heç bir zaman danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Səfir, münaqişənin yalnız Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll oluna biləcəyini xüsusi vurğulamışdır. A.İmanov, münaqişə ilə bağlı status-kvonun davam etməsinin regional təhlükəsizlik və inkişafa ciddi təhdid olduğuna xüsusi işarə etmişdir.

Daha sonra mövzu ilə bağlı dəyirmi masa iştirakçıları arasında fikir mübadiləsi aparılmış, KİV nümayəndələrinin sualları cavablandırılmışdır.

Tədbirdə iştirak edən Türkiyənin Vyetnamdakı Səfiri Akif Ayxan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəsinin daim Azərbaycanı dəstəklədiyini bildirərək, Ermənistanın sülh danışıqlarında tutduğu qeyri-konstruktiv mövqeyindən əl çəkməyə çağırmış və münaqişənin həlli ilə bağlı Minsk Qrupu həmsədrlərinin səylərin artırılmasının zəruriliyini vurğulamışdır.

Daha sonra çıxış edən Nigeriya Səfirliyinin Müvəqqəti İşlər Vəkili Sanusi Yahaya Yakubu məsələnin məhz BMT müstəvisində həll olunmasının əhəmiyyətinə diqqət çəkərək, müasir dünyada bu kimi münaqişələrlə əsas etibarı ilə üzləşən müsəlman ölkələri arasında vəhdətin daha da gücləndirilməsinin və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İƏT-in 14-15 aprel 2016-cı ildə keçirdiyi 13-cü zirvə toplantısında qəbul edilmiş “Yekun Kommünike”nin müddəalarının Ermənistan tərəfindən yerinə yetirilməsinin zəruri olduğunu vurğulamışdır.

Vyetnam Sosial Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun Direktoru Assoc. Prof. Luong Dinh Hai, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində beynəlxalq prinsip və normalara əsaslanan Azərbaycanın haqlı mövqeyini tam dəstəklədiyini vurğulayaraq, bu yoldan Azərbaycanın heç bir zaman dönməyəcəyinə əmin olduğunu qeyd etmiş, sülh danışıqlarının nəticə vermədiyi təqdirdə Azərbaycanın silah gücü ilə öz torpaqlarını azad etməkdə haqlı olacağını bildirmişdir.

Vyetnam Kommunist Partiyasının rəsmi mətbu orqanı olan “Xarici İnformasiya İcmalı” jurnalının baş redaktoru Dr. Dao Xuan Tien, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktının qəbul edilməzliyini vurğulamış, eyni zamanda uzun illər işğal və müharibə şəraitində yaşamış Vyetnam xalqının Azərbaycanın dərdinə şərik çıxdığını qeyd etmiş və tezliklə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağına əmin olduğunu bildirmişdir. Dağlıq Qarabağın Azərbaycanın qədim torpağı olduğunu və bu faktın beynəlxalq ictimaiyyət tərəfindən birmənalı tanındığını vurğulayan Dao Xuan Tien, Azərbaycanın öz əzəli torpaqlarını istənilən yolla azad etmək hüququna malik olduğunu və bu hüququ beynəlxalq hüquq ilə müəyyənləşdirildiyini bildirmişdir. Dao Xuan Tien, münaqişənin tezliklə sülh yolu ilə həll olunması məqsədi ilə vasitəçilərin səylərinin artırılmasının vacibliyini xüsusi qeyd etmişdir.

Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin Direktor müavini Phung Thao çıxışında Azərbaycan xalqının ədalətli mövqeyinin Vyetnam xalqı tərəfindən tam dəstəkləndiyini bildirmişdir. Phung Thao, müasir dövrdə güc yolu ilə sərhədlərin dəyişdirilməsinin qəbul olunmazlığını vurğulayaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin  tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının əhəmiyyətini söyləmişdir.

Tədbirin sonunda səfir A. İmanov faydalı fikir mübadiləsi üçün tədbir iştirakçılarına   təşəkkürünü    ifadə    edərək,   Azərbaycan    bayrağının    yaxın gələcəkdə Xankəndi şəhəri də daxil olmaqla işğal olunmuş bütün ərazilərimizin üzərində dalğalanacağına əminliyini bildirmişdir.

Arxiv üzrə axtarış