2015-10-10

Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin təsis konfransının keçirilməsinə dair

Cari ilin 10 oktyabr tarixində Hanoy şəhərində Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin təsis konfransı keçirilib. Tədbirdə Vyetnam Sosialist Respublikasının Parlamentinin, Kommunist partiyasının, Xarici İşlər Nazirliyinin, digər dövlət və hökumət qurumlarının rəsmiləri, Azərbaycanın ali təhsil ocaqlarının  vyetnamlı məzunları, Vyetnam KİV-lərinin nümayəndələri iştirak etmişdir. Vyetnam tərəfindən tədbirdə fəxri qonaq qismində Parlamentin sədr müavini Uonq Çu Lu iştirak edib.
Konfrans zamanı Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin sədrliyinə və idarə heyətinə seçkilər keçirilmişdir. Seçkinin nəticələrinə görə Vyetnamın Elm və Texnologiyalar Assosiasiyaları Birliyinin vitse-prezidenti Nqiem Vu Xay Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin seçilib.
Nqiem Vu Xay, çıxışı zamanı konfrans iştirakçılarına onun namizədliyini dəstəklədiklərinə görə təşəkkürünü bildirib və ona göstərilən bu yüksək etimadı doğrultmağa çalışacağını söyləyib. O, Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin iki ölkə arasında tarixən mövcud olan dotluq münasibətlərinin inkişafın töhfə verəcəyinə inandığını bildirib və bu istiqamətdə səylərini əsirgəməyəcəklərini vurğulayıb.
Daha sonra çıxış edən Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov, Nqiem Vu Xayı Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin sədri seçilməsi münasibətilə təbrik edib və təşkilatın işində uğurlar arzulayıb. Səfir, ölkələrimiz arasında tarixi dostluq münasibətlərinin əsasının Vyetnam Prezidenti Xo Şin Minin 1959-cü ildə Azərbaycana və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfərləri ilə qoyulduğunu vurğulayıb. Səfir A. İmanov, 2014-cü ilin 18-19 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnama dövlət səfərinin və 2015-ci ilin 13-15 may tarixlərində Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında yeni mərhəlinin əsasını qoyduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Səfir A. İmanov, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə cari ilin may ayında Bakı şəhərində keçrilmiş Azərbaycan-Vyetnam Dostluq Forumunun xalqlarımız arasında dostluq münasibətlərinin inkişaf etdirilməsində böyük rol oynadığını söyləyib. Səfir, Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına töhfə verəcəyinə inandığını vurğulayıb və bir daha təşkilatın işində uğurlar arzulayıb.
Vyetnam Dostluq Təşkilatları Birliyinin Prezidenti Vu Xuan Hong çıxışında Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin təsis olunmasının ölkələrimiz arasında əməkdalığın inkişaf etdirilməsi baxımından önəmli hadisə olduğunu vurğulayıb. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnama dövlət səfəri çərçivəsində Azərbaycanın ali təhsil ocaqlarının vyetnamlı məzunları ilə görüşünü xüsusi qeyd edərək, bunun ölkə başçımızın Vyetnamla dostluq münasibətlərinə yüksək diqqətinin göstəricisi olduğunu vurğulayıb. Vu Xuan Hong, Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətinə Azərbaycanın ali təhsil ocaqlarının vyetnamlı məzunları ilə yanaşı iki ölkə arasında əməkdaşlığa töhfə vermək niyyətində olan digər Vyetnam vətəndaşlarının da cəlb olunmasının vacibliyini qeyd edib.
Parlamentin sədr müavini Uonq Çu Lu, çıxışı zamanı Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin təsis olunmasının Azərbaycanda təhsil almış üç mindən çox vyetnamlının, eləcədə ölkələrimiz arasında dosluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsində maraqlı olan hər bir kəsin arzusu olduğunu bildirib və təşkilatın yaradılmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, Azərbaycanda təhsil almış vyetnamlı olaraq dostluq cəmiyyətinin təsis olunmasından qürur hissi keçirdiyini qeyd edib və təşkilatın bir üzvü kimi ölkələrimiz arasında əməkdaşlığın inkişafına dəstəyini davam etdirəcəyini söyləyib. Uonq Çu Lu Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin xalqlarımız arasında tarixi dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini ifadə edib və təşkilatın işində uğurlar arzulayıb.
Çıxışlardan sonra konfransın qətnaməsi oxunub və tədbirin işi yekunlaşıb. Tədbirdə həmçinin Vyetnam Prezidenti Xo Şin Minin 1959-cü ildə Azərbaycana səfərini, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfərini, 2014-cü ilin 18-19 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnama dövlət səfərini və 2015-ci ilin 13-15 may tarixlərində Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfərini özündə əks etdirən foto sərgi nümayiş etdirilmişdir.

Arxiv üzrə axtarış