2015-10-19

Vyetnamın Sosial və Humanitar Elmlər Universitetində səfir A. İmanovun mühazirəsi keçirilmişdir

Cari ilin 19 oktyabr tarixində Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 24-cü ildönümü münasibətilə Vyetnamın ən böyük universitetlərindən biri olan (on üç min tələbəsi vardır) Sosial və Humanitar Elmlər Universitetində səfir  A. İmanovun mühazirəsi keçirilib. Tədbirdə universitetin prorektoru Pham Quang Minh, beynəlxalq münasibətlər, politologiya, tarix və şərqşünaslıq fakültələrinin müəllim və tələbə heyəti iştirak edib.

Səfir A. İmanov, mühazirəsində Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı, xarici siyasəti, Azərbaycan-Vyetnam münasibətləri haqqında geniş məlumat verib. Səfir 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması, ADR-in mövcud olduğu 23 ay ərzində qazandığı nailiyyətlər, 1920-ci ilin 28 aprel tarixində Azərbaycanın Sovet ordusu tərəfindən işğalı, Sovet İttifaqının tərkibində Azərbaycanın sosial-iqtisadi vəziyyəti, xalqımızın müstəqilliyini bərpa etmək üçün mübarizəsi və 1990-ci il 20 yanvar faciəsi barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Səfir, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin hakimiyyətə gəlişi, ulu öndərin rəhbərliyi altında Azərbaycanın müasir dövlətçiliyinin, sosial-iqtisadi inkişafının əsasının qoyulması, cənab Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsi, ölkəmizin iştirakı ilə həyata keçirilən enerji və infrastruktur layihələri, ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər barədə tələbələrə geniş məlumat verib.

Qeyd olunanlarla yanaşı səfir, Azərbaycan-Vyetnam münasibətlərindən bəhs etmiş, Vyetnam Prezidenti Ho Chi Minhin 1959-cu ildə Azərbaycana və Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ilə ölkələrimiz arasında tarixi dostluq münasibətlərinin əsasının qoyulduğunu vurğulayıb. Səfir müasir dövrdə də iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü ilin 18-19 may tarixlərində Vyetnama dövlət səfərinin, Vyetnam Prezidenti cənab Truong Tan Sangın cari ilin 13-15 may tarixlərində Azərbaycana rəsmi səfərinin bunun əyani göstərici olduğunu vurğulayıb.

Səfir həmçinin Azərbaycanda təhsil imkanları barədə tələbələrə məlumat verib. Səfir A. İmanov, Sovet İttifaqı dövründə üç mindən çox vyetnamlının Azərbaycan universitetlərində təhsil aldıqlarını və həmin məzunların hazırda Vyetnamın dövlət və özəl qurumlarında yüksək vəzifələrdə çalışdıqlarını qeyd edib. Səfir, hazırda bu ənənənin davam etdiyini, Aərbaycanda qırxdan çox vyetnamlı tələbənin təhsil aldığını diqqətə çatdırıb və Səfirliyin Azərbaycanda təhsil almaq istəyən vyetnamlı gənclərə hərzaman dəstək verməyə hazır olduğunu bildirib.

Mühazirə zamanı Azərbaycan tarixinin müxtəlif dövrlərindən bəhs edən video çarxlar nümayiş etdirilib və Səfirlik tərəfindən Vyetnam dilinə tərcümə olunmuş Azərbaycan haqqında kitablar tədbir iştirakçılarına paylanılıb.

 

Arxiv üzrə axtarış