2015-12-05

Azərbaycanın Vyetnamdakı Səfirliyi Vyetnam Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Hanoy şəhərində hər il ənənəvi olaraq keçirilən xeyriyyə yarmarkasında iştirak etmişdir

Yarmarkada ölkəmiz üçün ayrılmış stendin tərtibatında Azərbaycanın qədim tarixi abidələrini, müasir infrastrukturunu, turizm potensialını özündə əks etdirən şəkillərdən istifadə olunmuşdur. Yarmarka zamanı ölkəmizə məxsus milli suvenirlər, xalçalar, Azərbaycanda istehsal olunan mürəbbə və çaylar, Səfirlik 
tərəfindən Vyetnam dilində çap olunmuş kitablar və digər təbliğat materialları nümayiş etdirilmişdir.Tədbirdə fəxri qonaq qismində iştirak edən Vyetnamın birinci xanımı Mai Thi Hanh və onu müşaiyət edən Vyetnamın Xarici İşlər Nazirinin xanımı Nguyen Nguyet Nga Azərbaycana aid stendi ziyarət edərək, yaxından tanış olmuşlar. Vyetnamın birinci xanımı Mai Thi Hanh ölkəmizin stendinin yarmarkada ən çox bəyəndiyi stend olduğunu vurğulamış və xan plovunu kəsməklə öz dəstəyini ifadə etmişdir. 

Yarmarkada səfirliyin əməkdaşlarının eləcə də onların ailə üzvlərinin Azərbaycan milli paltarlarında iştirakı ölkəmizin stendini digər stendlərdən fərqləndirən əsas amillərdən biri olmuş və tədbirə qatılanlarda böyük maraq doğurmuşdur. 
Qeyd olunmalıdır ki, xeyriyyə yarmarkası Hanoyda keçirilən ən kütləvi tədbirlərdən biri hesab olunur və keçirilməsinin əsas məqsədi satışa çıxarılan məhsullardan əldə olunan vəsaitin xeyriyyə layihələrinə sərf olunmasıdır.

Yarmarkada Azərbaycan mətbəxinin ləziz nümunələri – xan plovu, dolma, qutab, kükü kətə, fətir, firni iştirakçılara təqdim olunmuşdur. Yarmarka iştirakçıları Azərbaycan çayından içərək, qeyd olunan milli yeməklərimizdən dadmışlar.

 

Arxiv üzrə axtarış