Vyetnamın Milli Tarix Muzeyində Azərbaycanın Vyetnamdakı Səfirliyinin təşkilatçılığı ilə “İrs” jurnalının Vyetnam dilində ilk buraxılışının təqdimat mərasimi və “Azərbaycanın İrsi” adlı foto sərgi keçirilmişdir.
Cari ilin 17 dekabr tarixində Vyetnamın Milli Tarix Muzeyində Azərbaycanın Vyetnamdakı Səfirliyinin təşkilatçılığı ilə “İrs” jurnalının Vyetnam dilində ilk buraxılışının təqdimat mərasimi və “Azərbaycanın İrsi” adlı foto sərgi keçirilmişdir.
Tədbirdə Vyetnam Kommunist partiyasının, Xarici İşlər Nazirliyinin, digər dövlət və hökumət qurumlarının rəsmiləri, Hanoy şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, tələbələr və gənc tədqiqatçılar, Azərbaycanın ali təhsil ocaqlarının vyetnamlı məzunları və Vyetnam KİV nümayəndələri iştirak etmişdir
Tədbirdə çıxış edən səfir Anar İmanov 20-ci əsrin ikinci yarısında Azərbaycan və Vyetnam xalqları arasında dostluq əlaqələrinin qurulduğunu və möhkəmləndiyini bildirmişdir. Səfir, hazırda bu dostluq münasibətlərinin davam etdirilməsi üçün hər iki ölkənin tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri barədə informasiya mübadiləsinin böyük önəm kəsb etdiyini vurğulamışdır. Səfir A. İmanov, bu xüsusda İrs jurnalının Vyetnam dilində ilk buraxılışının dərc olunmasının böyük əhəmiyyət daşıdığını vurğulamış və xüsusilə də jurnalın yeni nəsil vyetnamlıların ölkəmiz haqqında daha geniş məlumat əldə etməsi üçün çox faydalı vəsait olduğunu bildirimişdir. Səfir, “İrs” jurnalının Vyetnam dilində ilk buraxılışında Azərbaycanın Xarici İşlər Naziri cənab Elmar Məmmədyarovun, Vyetnam Prezident Ofisinin Xarici Əlaqələr Departamentinin Direktoru Nguyen Vu Ha Lenin, Vyetnam Kommunist Partiyası Xarici Əlaqələr Komissiyasının Direktoru Honag Binh Quanın, Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin Sədri Nghiem Vu Khaiyin iki ölkə arasında münasibətlərdən bəhs edən məqalələrinin dərc olunduğunu bildirmiş və müəlliflərə öz təşəkkürünü bildirmişdir.
Daha sonra çıxış edən İrs jurnalının baş redaktoru Musa Mərcanlı jurnalın yaranma tarixi haqqında tədbir iştirakçılarına məlumat vermişdir. M. Mərcanlı, 15 il əvvəl fəaliyyətə başlamış jurnalın artıq 13 dildə işıq üzü gördüynü və Vyetnam dilinin 14-cü dil olduğunu diqqətə çatdırmışdır. O, jurnalın əsas məqsədinin Azərbaycanın mədəniyyəti, tarixi, incəsənəti haqqında məlumatların müxtəlif dillərdə müxtəlif xalqlara çatdırılması olduğunu bildirmişdir. Musa Mərcanlı İrs jurnalının Vyetnam dilində nəşr olunmasının iki xalq arasında mövcud olan dostluq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inandığını ifadə etmişdir.
Tədbirdə çıxış edən Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin Sədri Nghiem Vu Khai Azərbaycan haqqında geniş məlumatları özündə əks etdirən İrs jurnalının Vyetnam dilində dərc olunmasının xüsusilə ölkəmizin ali təhsil ocaqlarının Vyetnamlı məzunlarının böyük marağına səbəb olduğunu vurğulamışdır. O, jurnalda dərc olunmuş məqaləsində Azərbaycanda təhsil aldığı illərlə bağlı xatirələrindən, Azərbaycan xalqının qonaqpərvərliyindən, adət-ənənələrindən, Vyetnam xalqına oan dost münasibətindən bəhs etdiyini bildirmişdir. Nghiem Vu Khai rəhbərlik etdiyi təşkilatın “İrs” jurnalının Vyetnamda yayımlanmasında köməklik göstərməyə hazır olduğunu qeyd etmişdir.
Daha sonra tədbir iştirakçıları, Azərbaycanın tarixi abidələrini, musiqi alətlərini, qədim zinət əşyalarını özündə əks etdirən “Azərbaycanın İrsi” adlı foto sərgi ilə tanış olmuşlar.