2026-10-05

Azərbaycanın mədəni irsi Hanoyda keçirilən 2-ci Dünya Mədəniyyətləri Festivalında təqdim olunub

1-4 oktyabr 2026-cı il tarixlərində Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoy şəhərində “İrsin qovuşması-gələcəyin qurulması” mövzusunda II Dünya Mədəniyyətləri Festivalı Hanoyda 2026 keçirilmişdir.

Festival Vyetnam Mədəniyyət, İdman və Turizm Nazirliyi, Vyetnam Xarici İşlər Nazirliyi və Hanoy Şəhər Xalq Komitəsinin birgə təşkilatçılığı ilə təşkil olunmuş, Vyetnamın UNESCO-ya üzv qəbul edilməsinin 50 illiyinə həsr edilmişdir.

Festivalın əsas məqsədi müxtəlif ölkələrin mədəni irsinin təqdim edilməsi, xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun gücləndirilməsi, habelə Hanoyun beynəlxalq mədəniyyət və mədəni diplomatiya mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsidir. Tədbirlər Hanoyun Thang Long İmperator Qalası, Hoan Kiem gölü ətrafındakı piyada zonası və digər məkanlarda keçirilmişdir.

Festivalda ümumilikdə 50 ölkə və beynəlxalq təşkilat iştirak etmiş, 45 mədəniyyət məkanı, 35 milli mətbəx pavilyonu, 18 ölkənin film proqramı və 19 ölkənin milli geyimlərinin təqdimatı təşkil olunmuşdur. Həmçinin beş qitədən 220-yə yaxın sənətçinin iştirakı ilə beynəlxalq incəsənət proqramları keçirilmişdir.

Festivalın açılış mərasimində Vyetnamın Baş nazir müavini xanım Pham Thi Thanh Tra, Mədəniyyət, İdman və Turizm naziri xanım Lam Thi Phuong Thanh, Hanoy Xalq Komitəsinin sədri Vu Dai Thang və digər rəsmi şəxslər, habelə UNESCO-nun Ümumdünya İrs Mərkəzinin direktoru Lazare Eloundou Assomo və diplomatik nümayəndəliklərin rəhbərləri iştirak etmişlər. Açılış mərasimində əsas nitqi Baş nazir müavini söyləmiş, UNESCO-nun nümayəndəsi isə çıxış edərək, mədəni müxtəlifliyin sülh, dialoq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində əhəmiyyətini vurğulamışdır.

Açılışın bədii proqramında Vyetnamın tanınmış sənətçiləri, həmçinin ənənəvi Vyetnam sənət kollektivləri iştirak etmişlər. Beynəlxalq proqramda isə müxtəlif ölkələrin musiqi, rəqs və döyüş sənəti nümunələri təqdim olunmuş, Azərbaycan, Banqladeş, Çin, İndoneziya, İsrail, Cənubi Koreya, Laos, Pakistan, Peru və Ukraynadan incəsənət kollektivləri çıxış etmişlər.

Tədbirin açılışında Azərbaycanı ilk dəfə olaraq tanınmış saz ifaçısı, aşıq Ramin Qarayev təmsil etmişdir. Onun ifası Azərbaycanın zəngin aşıq musiqisi irsinin Vyetnamda və festivalın beynəlxalq auditoriyası arasında geniş şəkildə tanıdılmasına və təbliğinə mühüm töhfə olmuşdur. İfa tamaşaçılar və tədbirdə iştirak edən mədəniyyət və incəsənət sahəsinin nümayəndələri tərəfindən böyük maraqla qarşılanmış, Azərbaycan milli musiqi irsinin özünəməxsusluğu və saz sənətinin ifaçılıq xüsusiyyətləri auditoriyanın diqqətini cəlb etmişdir. Ramin Qarayevin yüksək peşəkarlıqla təqdim etdiyi ifa alqışlarla qarşılanmış və Azərbaycan mədəniyyətinin təbliği baxımından uğurlu təqdimat olmuşdur. Vyetnamın mərkəzi televiziya kanalı VTV bununla bağlı ondan müsahibə almış, yerli sənətkarlar ilə əlaqələr qurmuşdur.

Həmçinin, festival zamanı Azərbaycana ayrılmış iki pavilyonda ölkəmizə aid milli suvenirlər, Səfirlik tərəfindən Vyetnam dilində çap olunmuş kitablar və Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama və Vyetnam lideri Ho Şi Minin 1959-cu ildə Bakıya tarixi səfərlərini əks etdirən fotoşəkillər, eləcədə digər təbliğat materialları nümayiş etdirilmiş, habelə iştirakçılara və qonaqlara Azərbaycan mətbəxinin ləziz nümunələri (kabablar, şəkərbura, qoğal, Azərbaycan çayı və s.) təqdim edilmişdir.

Azərbaycan pavilyonunu ziyarət edən qonaqlara Kəlbəcərin məşhur mineral bulaqlarından əldə olunan “İstisu” haqqında məlumat verilmiş, suyun təbii mənşəyi və Azərbaycanın zəngin mineral su ehtiyatlarının mühüm nümunələrindən biri olduğu diqqətə çatdırılmışdır. Qonaqlara “İstisu” mineral suyunun dadına baxmaq imkanı yaradılmış və onlar təqdim olunan sudan məmnuniyyətlə içmişlər.

Rəsmi açılış mərasimindən sonra Vyetnam Baş nazirinin müavini xanım Pham Thi Thanh Tra və digər rəsmilər Azərbaycan stendini ziyarət etmiş, burada nümayiş etdirilən milli mədəniyyət nümunələri ilə tanış olmuş və “İstisu” mineral suyundan dadmışlar.

“İstisu” mineral suyunun festival çərçivəsində təqdim edilməsi Azərbaycanın zəngin təbii sərvətlərinin və Kəlbəcərin özünəməxsus təbii irsinin beynəlxalq auditoriyaya tanıdılması baxımından xüsusi əhəmiyyət daşımışdır. Bunun davamı olaraq, yaxın zamanda qeydiyyat prosedurları bitdikdən sonra, ölkəmizin mineral suyunun Vyetnama rəsmi idxalı və satışı nəzərdə tutulmuşdur.

Festival zamanı yerli sakinlər və xarici turistlər tərəfindən ən çox ziyarət olunanlardan biri Azərbaycan pavilyonu olmuşdur. Digər tədbirlər zamanı olduğu kimi, bu festivalda da Hanoy Ticarət və Turizm Kolleci və kulinariya üzrə yerli iş adamları Səfirliyin tərəfdaşı qismində çıxış etmişdirlər.

 

 

Arxiv üzrə axtarış