2026-08-18

Bakıda 4-cü “Vyetnam Günləri” tədbirləri keçirilmişdir

Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 2026-cı ilin 29 iyul - 3 avqust tarixlərində Azərbaycanın Vyetnamdakı Səfirliyinin təşkilatçılığı və Bakı şəhəri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi,  Hanoi Milli Musiqi Akademiyası, “Le Nqoc" xalq teatrı, Hanoy Ticarət və Turizm Kolleci, Vyetnam Kino İnstitutu, Vyetnam Kino Assosiasiyası, Vyetnam Sahibkarlıq Assosiasiyası, Vyetnam Milli Opera və Balet teatrı, Hanoi TV və Flamingo Travel şirkətinin nümayəndələrinin iştirakı ilə Vyetnam Prezidenti Ho Çi Minin 1959-cu ilin iyul aylıda Bakıya səfəri ilə başlayan dostluq münasibətlərinin 67 ildönümünə və iki ölkə arşında Strateji Tərəfdaşlıq əlaqələrinin birinci ildönümünə həsr olunmuş 4-cü “Vyetnam Günləri” tədbirləri keçirilmişdir. Bu ilki tədbir iştirakçıların, habelə Vyetnamın aparıcı elm, təhsil, musiqi, kino və teatr xadimlərinin iştirak sayına görə ən möhtəşəm olmuşdur.

 Eyni zamanda, 2026 il tədbirləri ilin ən mötəbər musiqi hadisələrindən olan Qəbələ Beynəlxalq Musiqi Festivalı ilə üst üstə düşmüş və ilk dəfə olaraq Vyetnam Milli Musiqi Akademiyasının direktor müavini, xalq artisti Buy Konq Zyui  rəhbərliyi ilə Vyetnamın ən məşhur musiqi ifaçıları bir neçə gün ərzində festivalın qonaqlarına Vyetnam musiqisi və mədəniyyətini təqdim edərək, unudulmaz təəssüratlar bağışlamışdırlar.  B.K.Zyui  müsahibəsində bildirmişdir ki, keçmişdə olduğu kimi, bu gün də Bakıda Vyetnamdan tələbələr təhsil alırlar. Azərbaycanın incəsənət xadimlərinin dəfələrlə Vyetnamda geniş və maraqlı konsert proqramları ilə çıxış etdiyini xatırladan direktor müavini qeyd edib ki, Qəbələ Beynəlxalq Musiqi Festivalına dəvət almaları onlar üçün ikiqat sevindirici və qürurvericidir.

Ənənəvi olaraq, ilk gün iştirakçılar Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ulu Öndər Heydər Əliyevin abidəsini və Vyetnam xalqının Lideri Prezident Ho Şi Minə həsr olunmuş otağı ziyarət etmişlər. Sonra Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) və Bakı Dövlət Universitetində (BDU) ikitərəfli görüşlər keçirilmiş, BDU-da Vyetnam incəsənət ustalarının iştirakı ilə “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram təşkil olunmuşdur. Vyetnamın mübarizə dövründə Azərbaycanda təhsil almış gənclərin əksəriyyəti məhz bu ali təhsil ocaqlarında oxumuşlar.

BDU-da keçirilmiş tədbirdə əvvəlcə iki ölkənin Dövlət himnləri səsləndirilmiş, Azərbaycan-Vyetnam münasibətlərinin tarixinə, Prezident Ho Şi Minin 1959-cu ildə Azərbaycana səfərinə, Ümummilli Lider Heydər Əliyevin Vyetnamla əlaqələrin inkişafına verdiyi töhfəyə və Azərbaycan-Vyetnam dostluğunun müasir mərhələsinə həsr olunmuş video çarxlar nümayiş etdirilmişdir. Tədbirdə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş üzvü, Vyetnamın Səsi (VOV) radiosunun sabiq baş direktoru Nguyen The Ky çıxış edərək, iki ölkə arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın inkişafından danışmışlar. 60-70-ci illərdə təhsil almış tanınmış vyetnamlı tələbələrin o dövrə aid arxiv sənədlərini nümayiş etdirən video çarx tədbir iştirakçıların xüsusi diqqətini çəkmişdir.

Daha sonra Vyetnamın “Le Ngoc” xalq teatrı və universitetin tələbələrinin ifasında konsert proqramı təqdim olunmuşdur. Proqramda hər iki xalqın milli musiqi nümunələri, xalq mahnıları və rəqs kompozisiyaları təqdim edilmiş, Vyetnamın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında olan ənənəvi incəsənət nümunələri nümayiş etdirilmişdir.

Səfər çərçivəsində nümayəndə heyəti Heydər Əliyev Mərkəzini ziyarət etmiş, Azərbaycan Turizm Bürosu, Azərbaycan Respublikasının İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Azərbaycan Respublikasının Kino Agentliyində (ARKA) görüşlər keçirmişdir. Həmçinin, Azərbaycan Milli Kinosu Gününə həsr olunmuş tədbirdə Vyetnam kino sahəsinin rəhbərləri iştirak etmiş, 1959-62-ci illərdə Vyetnamda kinematoqrafiya məktəbinin əsasını qoyan azərbaycanlı kinorejissor Əjdər İbrahimovun “Vyetnamda gördüklərim” adlı kitabının təqdimat mərasimi keçirilmiş, Vyetnam Kino Assosiasiyasının sədri Do Lenh Hung Tu və Vyetnam Kino İnstitutunun direktoru xanım Le Thi Hanın çıxışları iştirakçıların marağına səbəb olmuşdur. Vyetnamın Kino xadimlərinin tariximizdə

ilk dəfə olaraq Azərbaycana səfəri Azərbaycanın kino ictimaiyyətinin böyük marağına səbəb olmuşdur.

Cari ilin 1 avqust tarixində Bakının tarixi simvolu olan İçərişəhərdə “Vyetnam Günləri” çərçivəsində açıq havada Vyetnamın incəsənət ustalarının iştirakı ilə açıq havada konsert proqramı Bakı sakinlərinə və şəhərin xarici qonaqlarına təqdim olunmuşdur.

Konsertdən əvvəl Vyetnamın milli suvenirləri, əl işləri və təamları nümayiş etdirilmişdir. Tədbirin açılış mərasimində Vyetnamın Hanoy Ticarət və Turizm Kollecinin rektoru xanım Trinh Tri Thu Ha öz çıxışında Vyetnam ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin davamlı inkişaf etdiyini vurğulamış, bütün sahələrdə keçirilən birgə layihələr xalqlar arasında qarşılıqlı etimadın möhkəmlənməsinə və əlaqələrin daha da genişlənməsinə mühüm töhfə verdiyini, “Vyetnam Günləri”nin gözəl ənənəyə çevrildiyini qeyd edərək, gələcəkdə də bu cür mədəni layihələrin davam etdirilməsi və əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafı üçün birgə səylərin göstəriləcəyini diqqətə çatdırmışdır.

Sonra konsert proqramında Vyetnamın milli musiqisi, rəqsləri və incəsənət nümunələri təqdim olunmuş, milli musiqi alətlərində ifalar səsləndirilmiş, həmçinin opera müğənnilərinin ifasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Vyetnam dilində parçalar təqdim olunmuşdur.

Tədbirdə Azərbaycan tərəfindən ali təhsil müəssisələrinin rəhbərləri, dövlət qurumlarının təmsilçiləri, mədəniyyət və kino xadimləri iştirak etmişlər.

“Vyetnam Günləri” Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinin möhkəmləndirilməsi, xalqlar arasında mədəni dialoqun inkişafı və yeni əməkdaşlıq platformalarının yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.

https://ngaynay.vn/nhung-ngay-viet-nam-lan-thu-4-dien-ra-tai-azerbaijan-mo-rong-hop-tac-van-hoa-va-nghe-thuat-post175428.html 

https://thanhnien.vn/mot-mien-thanh-am-viet-giua-troi-azerbaijan-185260817161937915.htm 

https://doanhnghiephoinhap.vn/mot-mien-thanh-am-viet-giua-troi-azerbaijan-146639.html 

https://dantri.com.vn/giai-tri/dua-am-nhac-viet-nam-ngan-vang-tren-san-khau-the-gioi-20260817173639300.htm  

 

Arxiv üzrə axtarış