2018-01-19
18 yanvar 2018-ci il tarixində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi tərəfindən Xoşimin adına Milli Siyasətlər Akademiyasında tədbir keçirilmişdir. Tədbirdə Akademiyanın tələbə və professor-müəllim heyəti iştirak etmişdir.

Tədbirdə çıxış edən səfir Anar İmanov 20 Yanvar faciəsi haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir. Səfir 20 Yanvarın xalqımızın müstəqillik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya cəsarətlə nümayiş etdirdiyini və bunun ölkəmizin suverenliyinin təmin edilməsində dönüş nöqtəsi olduğunu bildirmişdir.

A.İmanov 1990-cı ilin 19-20 yanvarında baş verən faciəli hadisələr süquta uğramaqda olan sovet imperiyasının mənfur repressiya maşınının xalqımıza qarşı törətdiyi amansız cinayəti olduğunu vurğulayaraq həmin gün xalqımızın sovet ordusuna qarşı çıxış edərək öz mətinliyini cəsur nümayiş etdirdiyini qeyd etmişdir.

Daha sonra səfir ilk olaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qətiyyəti, cəsarəti və müdrikliyi sayəsində 20 Yanvar hadisələrinə                     hüquqi-siyasi qiymət verildiyini və bütün təzyiqlərə və təqiblərə baxmayaraq, xalqın faciəsində məsuliyyət daşıyanları bütün dünyanın gözü qarşısında ittiham etdiyini xüsusi vurğulamışdır. A.İmanov Heydər Əliyevin Moskvadakı çıxışında sovet rejiminin gerçək simasını açdığını və bu siyasətə qəti etirazını ifadə etdiyini tədbir iştirakçıların diqqətinə çatdırmışdır.

Eyni zamanda səfir A.İmanov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında toplantı iştirakçılarına ətraflı məlumat vermişdir. Səfir Ermənistan silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin dörd qətnaməsinin, habelə digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin müddəalarının yerinə yetirilməsinin Ermənistan tərəfindən tamamilə rədd edildiyini bildirmişdir. Həmçinin A.İmanov münaqışənin yalnız Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında həll olunmasının mümkünlüyünü qeyd etmişdir. 

Tədbirdə 20 Yanvar faciəsini əks etdirən sənədli film nümayiş etdirilmişdir.

növbəti xəbər əvvəlki xəbər