2017-05-02
Azərbaycanın Vyetnamdakı Səfirliyi və Azərbaycan Tarixi və Mədəniyytinin Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə Hanoy şəhərində 3-cü “Azərbaycan-Vyetnam Mədəniyyətlərinin Paralelləri” konfransı keçirilmişdir.

Azərbaycanın Vyetnamdakı Səfirliyi və Azərbaycan Tarixi və Mədəniyytinin Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə Hanoy şəhərində 3-cü “Azərbaycan-Vyetnam Mədəniyyətlərinin Paralelləri” konfransı keçirilmişdir. Konfransda Vyetnam Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin, digər dövlət qurumlarının rəsmiləri, Hanoyda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Vyetnamın ali təhsil ocaqlarının nümayəndələri, Azərbaycan universitetlərinin vyetnamlı məzunları, KİV nümayəndələri iştirak etmişdir.

Tədbiri giriş nitqi ilə açan Azərbaycanın Vyetnamdakı Səfiri Anar İmanov konfransın Azərbaycanla Vyetnam arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə təsadüf etdiyini və bu baxımdan xüsusi əhəmiyyət daşıdığını vurğulamışdır.  Səfir, Azərbaycanla-Vyetnam arasında diplomatik əlaqələrin 1992-ci ildə qurulmasına baxmayaraq, xalqlarımız arasında dostluq münasibətlərinin daha öncə qurulduğunu bildirmişdir.  Səfir, 1959-cu ildə Azərbaycana səfər etmiş  Vyetnamın keçmiş Prezidenti Ho Chi Minhin və 1983-cü ildə Vyetnama səfər etmiş Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqlarımız arasındakı dostluq münasibətlərinin banisi olduğunu vurğulamışdır.  

Səfir A. İmanov xalqlar arasında dostluq münasibətlərinin ortaq dəyərlər, mədəni oxşarlıqlar, qarşılıqlı anlayış, hörmət və etimad əsasında qurulduğunu qeyd edərək, bu xüsusda Azərbaycan və Vyetnam xalaqları arasında sıx bağların mövcud olduğunu vurğulamışdır.  Səfir Vyetnamda uzunmüddətli müharibə zamanı və yenidənqurma dövründə Azərbaycanın xalqının dost Vyetnam xalqına daim dəstək olduğunu, azərbaycanlı mütəxəssislərin bu ölkənin inkişafına töhfə verdiklərini qeyd etmiş və Vyetnam xalqının bu yaxşılıqları heç zaman unutmadığını vurğulamışdır.  Səfir konfrans iştirakçıları arasında Azərbaycanda təhsil almış vyetnamlıların xalqlarımız arasında dostluq münasibətlərinin qurulmasına əyani şahidlik etdiklərini qeyd etmiş və onların ölkəmizə hər zaman bağlı olmasını yüksək qiymətləndirmişdir.

Səfir, hazırda Azərbaycan və Vyetnamın yerləşdikləri regionlarda aparıcı dövlətlərdən birinə çevrildiyini qeyd edərək, hər iki ölkənin sahib olduğu zəngin mədəni irsi beynəlxalq səviyyədə uğurla təbliğ etdiyini vurğulamışdır. Səfir A. İmanov, Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO və İSESKON-un xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat vermişdir.  Səfir, ölkəmizdə humanitar və mədəniyyət sahəsində yüksək səviyyəli beynəlxalq  tədbirlərin – Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçirilməsinin  Azərbaycanın beynəlxalq aləmdə sülhə, sabitliyə, mədəni inkişafa, xalqlar arasında dialoqa, multikultural dəyərlərə böyük əhəmiyyət verməsinin göstəricisi olduğunu vurğulamışdır. Səfir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı bu uğurlu siyasətin nəticəsi olaraq, Azərbaycanın multikulturalizm və tolerantlıq modelinin dünyada örnəyə çevrildiyini diqqətə çatdırmışdır.  

Daha sonra çıxış edən Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin Direktoru Dao Xuan Tien, ənənəvi olaraq hər il keçirilən Azərbaycan-Vyetnam Mədəniyyətlərinin Paralelləri” konfransının xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, Azərbaycan mədəniyyəti haqqında vyetnam rəsmilərinin eləcə də ictimaiyyət nümayəndələrinin daha ətraflı məlumat alması baxımından böyük önəm kəsb etdiyini vurğulamışdır.  O, iki ölkənin mədəniyyəti arasında bir çox oxşarlıqların mövcud olduğunu qeyd edərək, hər iki xalqın ailə dəyərlərinə, milli adət-ənənələrə hörmətindən, onları qoruyub saxlamasından bəhs etmişdir.  Dao Xuan Tien, hər iki xalqın sülhsevər xüsusiyyətə malik olduğunu vurğulayaraq, Azərbaycanda olduğu kimi Vyetnamda da milli azlıqların və etnik qrupların sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadıqlarını diqqətə çatdırmışdır. 

Tədbirdə həmçinin Vyetnam Milli Musiqi Akademiyasının Rektoru Le Anh Tuan çıxış etmiş, Azərbaycan və Vyetnam musiqisi arasında oxşarlıqlar barədə öz fikirlərini bölüşmüşdür. O, Azərbaycanda təhsil aldığı zaman ölkəmizin zəngin musiqi mədəniyyəti, milli musiqi alətlərimiz barədə yaxından maraqlandığını qeyd etmiş, Azərbaycan və Vyetnam xalqlarının yaradıcı ruha sahib olduğunu, incəsənətə böyük önəm verdiyini söyləmişdir. Le Anh Tuan musiqinin özünəməxsus ünsiyyət vasitəsi olduğunu nəzərə alaraq, xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi üçün bu sahədə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.

Daha sonra çıxış edən Beynəlxalq Frankapon İnstitunun Direktoru Ngo Tu Lap Azərbaycan və Vyetnamın müstəqillik, milli dövlətçilik naminə tarixən xarici işğalçılara qarşı mübarizə apardığını, bu amilin xalqlarımızın mədəniyyətinin formalaşmasına birbaşa təsir etdiyini qeyd etmiş, vətənpərvərlik və mübarizliyin Azərbaycan və Vyetnam xalqlarının xarakterik xüsusiyyəti olduğunu vurğulamışdır.  

Hanoy Kino və Teatr Akademiyasının Direktor müavini Nguyen Thi Thu Ha çıxışında, Azərbaycan və Vyetnam xalqlarının tarixi və mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan milli geyimlərdən bəhs etmişdir. O, Azərbaycan və Vyetnamın milli geyimlərində qədim xalq yaradıcılığının bədii xüsusiyyətlərinin öz əksini tapdığını qeyd etmiş, libasların üzərində olan zərif naxışlarda, nişanələrdə, tikiliş üslubunda oxşarlıqlardan danışmışdır. Nguyen Thi Thu Ha, milliliyi saxlamaqla bu libaslara müasir ornamentlərin əlavə olunmasını keçmişlə müasir dövrün vəhdəti kimi qiymətləndirmişdir. 

Tədbirdə Vyetnamın xalq artisti, Rəqs Assosiasiyasının Sədr müavini Ung Duy Thinh çıxışında Azərbaycan və Vyetnam xalqlarının milli rəqsləri arasında paralellər aparmışdır. O, xüsusilə Vyetnamın şimalında məskunlaşmış Tay etnik qrupunun rəqsi ilə Azərbaycanın “Yallı” rəqsi arasında oxşarlığın olduğunu qeyd edərək, hər iki rəqsin həmrəylik mənası ifadə etdiyini vurğulamışdır. Ung Duy Thinh, milli özünüdərketmə üçün xalqlarımızın adət-ənənələrini, o cümlədən milli rəqslərini yeni nəsillərə aşılamasının vacibliyini vurğulamışdır.

Daha sonra çıxış edən Hanoy Kino və Teatr Akademiyasının professoru Le Thi Bich Hong, Azərbaycan və Vyetnam xalqlarının adət-ənələrində ailə institunun mühüm yer tutdğunu qeyd etmiş, qloballaşan dünyada mövcud olan bir çox mənfi təsirlərə baxmayaraq hər iki xalqının ailə dəyərlərini müqəddəs hesab etdiyini, daim qoruyub saxladığını vurğulamışdır. O, qadınların ailə və cəmiyyətdəki rolundan bəhs edərkən, Azərbaycan və Vyetnam qadınlarının nümunəvi həyat yoldaşı, valideyn olmaqla yanaşı ictimai-siyasi proseslərdə də həmişə fəal olduqlarını vurğulamış, onların arasından görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlərin yetişdiyini diqqətə çatdırmışdır. Le Thi Bich Hong, bu xüsusda Vyetnam Parlamentinin sədri xanım Nguyen Thi Kim Nganın və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hər iki ölkənin ictimai-siyasi həyatındakı aparıcı rolundan bəhs etmişdir. 

Vyetnam Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Nguyen Hoang Anh, Azərbaycan və Vyetnam musiqisinin inkişaf tarixi barədə danışarkən, hər iki xalqın tarixən mövcud olan musiqi ənələrini yaşatmaqla yanaşı, müasir dünya musiqisini də uğurla mənimsədiklərini vurğulamışdır. O Azərbaycan musiqisinin rəngarəngliyi ilə seçildiyini qeyd edərək, aşıq və muğam musiqisi ilə yanaşı ölkəmizdə opera, caz və estradanın musiqisinin inkişaf etdiyini bildirmiş, şərqdə ilk operanın məhz Azərbaycanda yazıldığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.   

Konfrans Vyetnam Milli Musiqi Akademiyasının instrumental ansamblının ifasında Azərbaycan və Vyetnam musiqilərindən ibarət konsert proqramı ilə davam etmişdir.

Konfrans zamanı həmçinin 2017-ci il 5-6 may tarixlərində Bakıda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat videosu və Azərbaycan xalçaçılıq sənəti haqqında video nümayiş etdirilmişdir.

Tədbir Vyetnam mətbuatında geniş işıqlandırılmışdır. 

növbəti xəbər əvvəlki xəbər