2017-04-18
Cari ilin 18 aprel tarixində Azərbaycanın Vyetnamdakı Səfirliyi tərəfindən Azərbaycanın turizm potensialı və ASAN elektron viza portalının təqdimatı keçirilmişdir. Tədbirdə Vyetnamın on beş turizm şirkətinin rəhbəri və nümayəndələri, həmçinin KİV nümayəndələri iştirak etmişdir.

Cari ilin 18 aprel tarixində Azərbaycanın Vyetnamdakı Səfirliyi tərəfindən Azərbaycanın turizm potensialı və ASAN elektron viza portalının təqdimatı keçirilmişdir. Tədbirdə Vyetnamın on beş turizm şirkətinin rəhbəri və nümayəndələri, həmçinin KİV nümayəndələri iştirak etmişdir.

Tədbir zamanı səfir Anar İmanov ölkəmizin turizm sektoru haqqında iştirakçılara geniş məlumat vermiş, Azərbaycanda turizmin inkişaf etdirilməsi məqsədilə həyata keçirilən dövlət proqramı və infrastruktur layihələri barədə danışmışdır.

Səfir Azərbaycanın Vyetnamla  müxtəlif sahələr üzrə, o cümlədən turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd etmiş və iki ölkə arasında turizm sahəsində əməkdaşlıq üçün geniş potensialın mövcud olduğunu vurğulamışdır.

Səfir A. İmanov, Azərbaycanda turizmin inkişaf etdirilməsi istiqamətində atılmış əsas addımlardan birinin xarici ölkə vətəndaşlarına ölkəmizə giriş vizalarının rəsmiləşdirilməsinin asanlaşdırılması olduğunu diqqətə çatdırmış və bu xüsusda cari ilin yanvar ayından etibarən “ASAN” elektron viza portalının istifadəyə verilməsi barədə məlumat vermişdir.

Tədbirdə həmçinin səfir A. İmanov, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat vermiş, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğunu bildirmiş və bu ərazilərə Ermənistan tərəfindən turist səfərlərinin təşkilinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suverenliyinə,  beynəlxalq səviyyədə tənınmış sərhədlərinə zidd olduğunu diqqətə çatdırmışdır.

Tədbir zamanı AR Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış Azərbaycanın turizm potensialını əks etdirən video və ASAN elektron viza portalının təqdimat videosu nümayiş etdirilmişdir. Tədbirdə turizm şirkətlərinin nümayəndələrini maraqlandıran suallar cavablandırılmış, onlara Azərbaycanın turizmi ilə bağlı jurnal, kitabca, broşürlər eləcə də Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin siyahısı paylanmışdır.  

növbəti xəbər əvvəlki xəbər