2016-12-12
12 dekabr 2016-cı ildə Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma mərasimi keçirilmişdir.

Tədbirdə Vyetnam Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin, digər dövlət qurumlarının rəsmiləri, habelə Azərbaycan təhsil ocaqlarının vyetnamlı məzunları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərasimi giriş sözü ilə açan səfir A.İmanov Heydər Əliyevin müasir, inkişaf edən, güclü və həqiqi müstəqil Azərbaycan dövlətinin banisi olduğunu xüsusi vurğulayaraq dünya səviyyəli siyasətçi olan Ulu Öndərin həm Sovet İttifaqı, həm də Azərbaycanın müstəqilliyinin bərpa olunduqdan sonrakı dövlərində ölkəmizə uğurlu rəhbərlik etdiyini qeyd etmişdir. Səfir məhz Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə müxtəlif istiqamətlər üzrə, o cümlədən, iqtisadiyyat, mədəniyyət və sosial sahələrində aparılan əməli islahatlar nəticəsində Azərbaycanın SSRİ-nin qabaqcıl Respublikalarından birinə çevrildiyini bildirmişdir.

Xalqın istəyi ilə ölkəmiz üçün taleyüklü zamanda Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdığına işarə edən A.İmanov bununla Azərbaycan tarixində yeni səhfənin açıldığını qeyd etmişdir. A.İmanov həmin zaman çox çətin dövrünü yaşayan Azərbaycanın rəhbərliyinə qayıdan Heydər Əliyevin özünün uzaqgörənliyi ilə güclü siyasət və iqtisadiyyata malik Azərbaycanın təməlini qoyduğunu vurğulamışdır. Səfir Heydər Əliyevin Azərbaycanın davamlı inkişafının təmin edilməsi üçün zəruri tədbirlər gördüyünü, o cümlədən yalnız ölkəmizin mənfəəti əsasında xarici ölkələr ilə münasibətlərin genişləndirdiyini, demokratikləşmə prosesinin başladığını və yeni neft strategiyasının əsasını qoyduğunu əlavə etmişdir.

Eyni zamanda A.İmanov müharibədən sonra 1983-cü ildə SSRİ-nin ilk yüksək nümayəndə həyətinin rəhbəri kimi Nazirlər Şurasının Sədrinin birinci müavini qismində Heydər Əliyevin Vyetnama rəsmi səfər etdiyini xatırladaraq Ulu Öndərin şəxsi təşəbbüs nəticəsində qəbul etdiyi qərarlar ilə həm Vyetnamın sürətli daxili inkişafına, həm də Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlığın qurulub genişləndirilməsinə əvəzsiz töhfə verdiyini qeyd etmişdir.

Həmçinin səfir xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasətinin bugün də onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində Azərbaycanın Cənubi Qafqaz regionunun aparıcı dövlətinə çevrildiyini bildirmişdir.

Səfirin çıxışından sonra Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra tədbirdə iştirak edən “Azərbaycanın Mədəniyyəti və Tarixinin Araşdırmaları” Mərkəzinin rəhbəri Dao Xuan Tien Heydər Əliyevin şah əsəri olan Azərbaycanın bügünkü sürətli inkişafının canlı şahidləri olduğunu söyləyərək bu dünya səviyyəli şəxsiyyətin Vyetnamın müharibədən sonrakı quruculuq işlərinə verdiyi töhfənin xalqının yaddaşından heç bir zaman silinməyəcəyini vurğulamışdır.

Tədbir zamanı iştirakçılara Heydər Əliyevin siyasi fəaliyyətini əks etdrən sənədli film nümayiş etdirilmişdir.

növbəti xəbər əvvəlki xəbər