2016-12-02
Cari ilin iki dekabr tarixində iqamətgahı Hanoy şəhərində olmaqla Azərbaycan Respublikasının Laos Xalq Demokratik Respublikasına akkreditə olunmuş səfiri Anar İmanov, bu ölkənin İnformasiya, Mədəniyyət və Turizm Nazirinin müavini, Laos Milli Assambleyasının (Parlament) deputatı, Laos Jurnalistlər Assosiasiyasının Prezidenti Savankhone Razmountry ilə görüş keçirmişdir.

Görüş zamanı Azərbaycanla Laos arasında informasiya, mədəniyyət və turizm sahələrində əməkdaşlığa dair müzakirə aparılmışdır.

Görüşdə Səfir Anar İmanov Azərbaycanla Laos arasında tarixən dostluq münasibətlərinin mövcud olduğunu qeyd etmiş və bu münasibətlər barədə məlumatların yeni nəsil Laoslulara çatdırılmasında, xalqlarımız arasında  mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində KİV-lərin üzərinə böyük iş düşdüyünü vurğulamışdır. Səfir hər iki ölkənin KİV-ləri arasında əməkdaşlığın qurulması işində həmsöhbətinin rəhbərlik etdiyi Nazirliyin və Assosiasiyanın dəstəyinə ümidvar olduğunu bildirmiş və bu prosesdə Səfirliyin də səylərini əsirgəməyəcəyini qeyd etmişdir.

Savankhone Razmountry qeyd olunan fikirləri bölüşdüyünü bildirmiş və hər iki ölkənin KİV-ləri arasında əməkdaşlığın qurulmasının qarşılıqlı faydalı olacağına inandığını söyləmişdir. Mədəniyyət sahəsində əməkdaşlığa toxunan  Nazir müavini, qarşılıqlı olaraq Azərbaycanda və Laosda hər iki ölkənin mədəniyyət günlərinin keçirilməsinin xalqlarımız arasında əlaqələrin qurulmasına böyük töhfə verəciyini bildirmişdir.

Görüşdə həmçinin turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparan tərəflər, hər iki ölkənin turizm şirkətləri arasında əməkdaşlığın qurulmasının təşfiq olunması barədə razılığa gəlmişlər.    

növbəti xəbər əvvəlki xəbər