2016-11-30
Cari ilin 30 noyabr tarixində iqamətgahı Hanoy şəhərində olmaqla Azərbaycan Respublikasının Laos Xalq Demokratik Respublikasına akkreditə olunmuş səfiri Anar İmanov bu ölkənin Milli Assambleyasının (Parlament) Prezidenti xanım Pany Yathotou ilə görüş keçirib.

Görüş zamanı Azərbaycanla Laos arasında parlamentlərarası əlaqələrin  inkişaf etdirilməsininə dair müzakirə aparılıb.

Görüş zamanı səfir Anar İmanov Azərbaycanla Laos arasında tarixən dostluq münasibətlərinin mövcud olduğunu qeyd edib və bu münasibətlərin müasir dövrdə də davam etdirilməsində ölkəmizin maraqlı olduğunu diqqətə çatdırıb. Səfir ikitərəfli münasibətlərin inkişaf etdirilməsində parlamentlərarası əlaqələrin böyük önəm kəsb etdiyini vurğulayıb və bu sahədə əməkdaşlığın qurulması üçün müvafiq addımların atılmasının gərəkdiyini bildirib. Səfir, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfər mübadiləsinin parlametlərarası əməkdaşlığın inkişaf etdirilməsi baxımından faydalı olacağını qeyd edib.

Pany Yathotou öz növbəsində Azərbaycnla parlamentlərarası əməkdaşlığın qurulub, inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib. O, qarşılıqlı olaraq hər iki ölkə parlamentində dostluq qruplarının yaradılmasının vacibliyini söyləyib. Pany Yathotou, ölkələrimiz arasında mövcud olan tarixi dostluq münasibətləri əsasında parlamentlərarası əməkdaşlığın qurulması prosesinin daha asanlıqla reallaşacağına inandığını vurğulayıb. O, vaxtilə Azərbaycanın ali təhsil ocaqlarından məzun olmuş, yüksək peşəkarlıq səviyyəsinə malik olan Laoslu kadrların ölkəsinin inkişafına böyük töhfə verdiyini qeyd etmiş və buna görə, eləcə də Laosun çətin vaxtlarında Azərbaycan xalqının dəstəyinə görə hərzaman minnətdar olduqlarını bildirib. 

Daha sonra səfir Anar İmanov, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həmsöhbətinə geniş məlumat verib. Səfir Ermənistanın 20 faiz Azərbaycan torpaqlarını işğal etməsi və bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün olmasını diqqətə çatdırıb. Səfir münaqişə ilə bağlı BMT, Avropa İttifaqı, Avropa Şurası, ATƏT kimi mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələrinin tələblərinin Ermənistan tərəfindən yerinə yetirilmədiyini bildirib. Səfir ölkəmizin münaqişəni beynəlxalq hüquqa əsasən sülh yolu ilə həll olunmasına çalışdığını diqqətə çatdırıb. Səfir münaqişə ilə bağlı Laos parlamentində müzakirələrin keçirilməsini, Ermənistanın işğalçılıq siyasətini pisləyən və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini dəstəkləyən qətnamənin qəbul olunmasını xahiş edib.  

Pany Yathotou cavab olaraq munaqişənin sülh yolu ilə yaxın gələcəkdə həll olunacagına ümid etdiyini bildirib. O, Parlamentin xarici əlaqələr komissiyasina Səfirliklə əlaqəli şəkildə ölkələrimiz arasında əməkdaşlığın təşviqi isiqamətində fəaliyyət göstərməyi tapşırıb. 

növbəti xəbər əvvəlki xəbər