2016-11-16
Cari ilin 16 noyabr tarixində Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov Ho Chi Minh şəhəri Xalq Komitəsinin Sədri Nguyen Thanh Phong ilə görüş keçirmişdir.

Görüşün keçirilməsində məqsəd Ho Chi Minh şəhəri ilə Azərbaycan şəhərləri arasında əməkdaşlığın qurulması, Ho Chi Minh şəhərində həyata keçirilən investisiya layihələrində Azərbaycan şirkətlərinin iştirak imkanlarına dair müzakirələr aparmaq olmuşdur.

Görüş zamanı səfir Anar İmanov, son illər iki ölkə arasında əlaqələrin bütün sahələr üzrə inkişaf etdiyini vurğulamış, ölkə başçılarının səfər mübadiləsinin ikitərəfli əməkdaşlığa güclü təkan verdiyini bildirmişdir. İkitərəfli iqtisadi-ticari əlaqələrin səviyyəsinin ölkələrimizin potensialına uyğun olmadığını bildirən səfir,  Vyetnamın iqtisadi mərkəzi olan Ho Chi Minh şəhərinin Azərbaycan və Vyetnam arasında ikitərəfli iqtisadi əməkdaşlığın aktivləşməsinə daha yaxından cəlb olunmasının arzu olunduğunu bildirmişdir. Səfir Azərbaycanda istehsal olunan malların Ho Chi Minh bazarına çıxarılması, habelə dinamik inkişaf edən və sürətlə genişlənən Ho Chi Minh şəhərində həyata keçirilən infrastruktur layihələrinə bu sahədə böyük təcrübəyə malik olan və böyük uğurlar qazanmış Azərbaycan şirkətlərinin cəlb olunmasına həmsöhbətindən yardımçı olmağı xahiş etmişdir.

Nguyen Thanh Phong Ho Chi Minh şəhərinin Vyetnamın iqtisadi güc mərkəzi olduğunu vurğulamış, Vyetnamın Ümumi Daxili Məhsulunun 21 faizinin, ixracatının 20 faizinin Ho Chi Minh şəhərinin payına düşdüyünü qeyd etmiş və şəhərdə dünyanın 79 ölkəsindən investorların müxtəlif sahələrə sərmayələr yatırdığını diqqətə çatdırmışdır. Son zamanlar Vyetnamla Azərbaycan arasında qarşılıqlı əməkdaşlığın aktivləşməsindən məmnun olduğunu bildirən Nguyen Thanh Phong, rəhbərlik etdiyi Ho Chi Minh şəhərinin Azərbaycan şəhərləri ilə əməkdaşlıq etməsində maraqlı olduğunu bildirmişdir.  O həmçinin qeyd etmişdir ki, Ho Chi Minhdə istehsal olunan malların Azərbaycana ixrac olunmasında maraqlıdır.

Nguyen Thanh Phong Ho, əhalisi sürətlə artan və iqtisadi durumu gündən-günə yaxşılaşan Ho Chi Minh şəhərinin infrastrukturunun da inkişaf etdirilməsinə ehtiyacın olduğunu qeyd etmişdir. O, Ho Chi Minh şəhərində metro tikintisinin planlaşdırıldığını və Azərbaycan şirkətlərinin şəhərin metro tikintisində investor kimi çıxış etməsində maraqlı olduqlarını bildirmişdir. Nguyen Thanh Phong Ho, həmçinin şəhərin turizm infrastrukturunun inkişafına Azərbaycan şirkətlərinin investor qismində cəlb olunmasının arzu olunduğunu vurğulamışdır. O, infrastruktur layihələri ilə yanaşı, ticarət, xidmət, turizm və informasiya texnologiyaları sahələrində xarici investorlar üçün əlverişli şəraitin yaradılması barədə məlumat vermişdir.

Cavab olaraq səfir Anar İmanov, Azərbaycanda son illər həyata keçirilən infrastruktur layihələri barədə məlumat vermiş, bu sahədə Azərbaycan şirkətlərinin böyük təcrübəyə malik olduğunu qeyd etmiş və onların Ho Chi Minh şəhərində həyata keçirilən layihələrə cəlb olunması üçün müvafiq layihələr haqqında konkret məlumatların səfirliyə göndərilməsini xahiş etmişdir. Səfir həmçinin Ho Chi Minh şəhərində fəaliyyət göstərən biznes strukturları ilə Azərbaycan iş adamları arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi üçün əlavə tədbirlərin işlənib hazırlanmasının zəruriliyini bildirmişdir.     

Görüşdə həmçinin humanitar sahədə əməkdaşlıq məsələlərinə dair müzakirə aparılmış, Ho Chi Minh şəhərində Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirlərin keçirilməsi, Ho Chi Minh şəhərində yerləşən ali təhsil ocaqları ilə Azərbaycan ali təhsil ocaqları arasında əməkdaşlığın qurulmasına dair fikir mübadiləsi aparılmışdır. 

növbəti xəbər əvvəlki xəbər