2016-11-06
Cari ilin 6 noyabr tarixində Hanoy şəhərində Azərbaycan və Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 24 illiyi və Vyetnam-Azərbaycan Dostluq Təşkilatının təsis olunmasının bir illiyi münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycanın ali təhsil ocaqlarında təhsil  almış, hazırda Vyetnamın müxtəlif dövlət və özəl qurumlarında çalışan məzunlar iştirak etmişdir.

Tədbiri giriş nitqi ilə açan Vyetnam-Azərbaycan Dostluq Təşkilatının Sədri, Vyetnam Parlamentinin Deputatı, Vyetnamın Elm və Texnologiya Asossiasiyaları Birliyinin Vitse-prezidenti Nghiem Vu Khai təşkilatın bir illik fəaliyyəti barədə hesabat vermiş və növbəti il üçün fəaliyyət planını açıqlamışdır. Nghiem Vu Khai, ölkələrimiz arasında mövcud olan tarixi dostluq münasibətləri ilə yanaşı, ümumilikdə əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayaraq, Azərbaycanda təhsil almış Vyetnamlı məzunları çalışdıqları sahələr üzrə ikitərəfli əməkdaşlığın inkişafında daha fəal olmağa və səylərini əsirgəməməyə çağırmışdır.

Daha sonra tədbirdə çıxış edən səfir Anar İmanov, Vyetnam-Azərbaycan Dostluq Təşkilatının təsis olunmasının bir ili tamam olması münasibətilə təşkilatın üzvlərini təbrik etmişdir. Azərbaycan və Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 24 illiyinə toxunan səfir, xalqlarımız arasında dostluq əlaqələrinin əsasının Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Vyetnamın keçmiş Prezidenti Ho Chi Minh tərəfindən qoyulduğunu qeyd etmişdir. Son illər iki ölkə arasında əməkdaşlığın aktivləşdiyini vurğulayan səfir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnama və Vyetnamın keçmiş Prezidenti Çıonq Tan Şanqın Azərbaycana səfərlərinin ikitərəfli əlaqələrin bütün spektri üzrə inkişaf etdirilməsi üçün zəmin yaratdığını bildirmişdir.

Səfir 2013-cü ildə Azərbaycanın Vyetnamda Səfirliyinin açılmasından etibarən hərzaman vyetnamlı məzunların dost münasibətinin şahidi olduğunu vurğulamışdır. Səfir uzun illər keçməsinə baxmayaraq vyetnamlı məzunların ölkəmizə bağlılığını yüksək qiymətləndirmiş, Səfirlik tərəfindən keçirilən tədbirlərdə böyük maraqla və fəal iştirak etdiklərinə görə təşəkkürünü bildirmişdir. Səfir A. İmanov, Vyetnam-Azərbaycan Dostluq Təşkilatının, eləcə də məzunların iki ölkə arasında əməkdaşlığı  inkişaf etdirilməsi üçün irəli sürdüyü təkliflərə Səfirliyin hərzaman dəstək verməyə hazır olduğunu vurğulamışdır. Çıxışının sonunda Səfir təşkilat üzvlərini bir daha təbrik etmiş və təşkilatın gələcək fəaliyyətində uğurlar arzulamışdır.   

Daha sonra, tədbirdə iştirak edən məzunlar Azərbaycanla bağlı öz xatirələrini bölüşmüş, Bakıda təhsil aldıqları illərdə çəkdirdikləri şəkillərdən ibarət video çarx nümayiş etdirilmiş, məzunların ifasında konsert proqramı keçirilmişdir. 

növbəti xəbər əvvəlki xəbər