2015-11-16
Ho Chi Minh şəhərində yaşayan Azərbaycan ali təhsil ocaqlarının vyetnamlı məzunları ilə səfir A. İmanov görüş keçirmişdir

   Cari ilin 5 noyabr tarixində səfir A. İmanov Ho Chi Minh şəhərində yaşayan Azərbaycan ali təhsil ocaqlarının vyetnamlı məzunları ilə görüş keçirmişdir.

Görüş zamanı səfir, Azərbaycan tərəfinin vyetnamlı məzunlarla əməkdaşlığa böyük önəm verdiyini qeyd edib və onları iki ölkə arasında əlaqələrin inkişaf etdrilməsində fəal iştirak etməyə çağırıb. Səfir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnama dövlət səfəri çərçivəsində 19 may 2014-cü il tarixində Hanoy şəhərində məzunlarla görüşünü, həmçinin cənab Prezidentin təşəbbüsü sayəsində cari ilin 7 may tarixində məzunlarının iştirakı ilə Bakı şəhərində Azərbaycan-Vyetnam dostluq forumunun keçirilməsini ölkələrimiz arasında əlaqələrin inkişafına ölkə başçımızın xüsusi diqqət və qayğısının göstəricisi olduğunu vurğulamışdır. Səfir, cari ilin 10 oktyabr tarixində Hanoy şəhərində təsis olunmuş və üzvlərinin böyük əksəriyyəti məzunlardan ibarət olan Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin xalqlarımız və ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına öz töhfəsini verəcəyinə inandığını ifadə edib. 

Görüş zamanı çıxış edən məzunlar Azərbaycanı özləri üçün ikinci vətən hesab etdiklərini,  ölkəmizlə bağlı xoş xatirələrini, Azərbaycan xalqınının hərzaman vyetnamlılara qarşı göstərdiyin dostluq və qonaqpərvərliyi, xüsusilə də ağır müharibə illərində Azərbaycanın Vyetnama dəstəyini heç zaman unutmadıqlarını bildiriblər.

Görüşdə həmçinin məzunların ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsində rolunun genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, bir sıra təklif və təşəbbüslər irəli sürülüb.

Görüş zamanı nümayiş etdirilmiş  müasir Azərbaycanın inkişafını özündə əks etdirən video çarxlar uzun illər öncə ölkəmizdə təhsil almış məzunların böyük marağına səbəb olmuşdur.

 

növbəti xəbər əvvəlki xəbər