2015-06-17
Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov Vyetnamın Milli Müdafiə Nazirinin müavini Truong Quang Khanh ilə görüşmüşdür

17 iyun tarixində səfir A.İmanov Vyetnamın Milli Müdafiə Nazirinin müavini Truong Quang Khanh ilə görüş keçirmişdir. Görüşdə Azərbaycanla Vyetnam arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
Truong Quang Khanh iki ölkə arasında mövcud olan ənənəvi dostluq əlaqələrinin ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaratdığını bildirmişdir. Nazir müavini Vyetnamın çətin günlərində Azərbaycanın ona dəstək olduğuna görə Azərbaycan tərəfinə öz təşəkkürünü bildirmişdir. O, vaxtilə Azərbaycanda təhsil almış, hal-hazırda isə Vyetnamın Milli Müdafiə Nazirliyində yüksək vəzifələrdə çalışan çoxlu vyetnamlının olduğunu diqqətə çatdırmışdır.
Öz növbəsində səfir A.İmanov iki ölkə arasında tarixən isti, dostluq münasibətlərinin olduğunu vurğulamışdır. O, ölkələrimiz arasında əlaqələrin fəallaşmaqda olduğunu qeyd edərək bu əlaqələrin daha da gücləndirilməsinin əsas səbəbləri kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18-19 may 2014-cü il tarixlərində Vyetnama və Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Truong Tang Sang tərəfindən cari ilin 13-15 may tarixlərində Azərbaycana həyata keçirilmiş rəsmi səfərləri qeyd etmişdir. Səfir hər iki ölkənin Prezidentləri tərəfindən ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin prioritet istiqamət kimi müəyyən edildiyini qeyd etmişdir. O, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin məzunlarının Vyetnamda bu ölkənin Milli Müdafiə Nazirinin müavini, Hərbi Dəniz Donanmasının vitse-admiralı, Baş qərargah rəisi kimi vəzifələrdə çalışmalarının Azərbaycanda digər sahələrdə olduğu kimi hərbi sahədə də təhsilin yüksək səviyyədə təşkilinin bariz nümunəsi olduğunu xüsusi olaraq vurğulamışdır.
Səfir Azərbaycanın güclənməkdə olan ordusu, bu istiqamətdə görülən işlər, ölkəmizin hərbi sənaye kompleksi ilə bağlı qarşı tərəfə məlumat vermişdir. O, Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin yaradıldığını, əvvəllər xarici ölkələrdən idxal edilən bir çox hərbi məhsulların hal-hazırda ökəmizdə Müdafiə Sənayesi Nazirliyi nəzdində fəaliyyət göstərən istehsal müəssisələri tərəfindən istehsal edildiyini qeyd etmişdir. Səfir hərbi sahədə mövcud olan ən müasir texnologiyalar əsasında Azərbaycanda silah və hərbi sursatın istehsal olunduğunu bildirmişdir.
Görüş zamanı qeyd olundu ki, iki ölkə arasında hərbi və hərbi sənaye sahələrində əməkdaşlığın böyük potensialı vardır və bu potensialdan istifadə edilməsi, hərbi təhsil-təlim, hərbi-texniki və hərbi sənaye sahələrində qarşılıqlı əməkdaşlığın qurulması faydalı olardı. 

növbəti xəbər əvvəlki xəbər