2014-12-12
Xələf Xələfov: “Türkiyə ilə Rusiya arasında münasibətlərin yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edə bilər”
Bu yaxınlaşma Azərbaycanın maraqlarına uyğundur”

Bakı. Mübariz Aslanov – APA. “Türkiyə ilə Rusiya arasında son dövrlərdə münasibətlərin yaxınlaşması Azərbaycanın maraqlarına uyğundur və biz bunu alqışlayırıq”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Rusiya və Türkiyənin Azərbaycana qonşusu, regionun nüfuzlu dövlətləri olduğunu xatırladan X. Xələfov, Azərbaycanın hər iki dövlətə yüksək etimad münasibətinin olduğunu vurğulayıb: “Bu baxımdan da hər iki dövlət arasında münasibətlərin yaxşılaşması, getdikcə yüksək səviyyədə olması Azərbaycanın maraqlarını təmin edir”.

“İki dövlət arasında münasibətlərin yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edə bilər” sualına X. Xələfov belə cavab verib:

“Regiondakı münaqişələrin həll edilməsi hər kəsin marağındadır. Nəzərə alsaq ki, Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vasitəçidir, Türkiyə Ermənistanla da qonşudur, bu o deməkdir ki, iki dövlətin münasibətlərinin yaxşılaşması münaqişənin həllinə müsbət təsir edə bilər. Biz də bunu gözləyirik”.
növbəti xəbər əvvəlki xəbər