2019-12-07
7 dekabr 2019-cu il tarixində Hanoy şəhərində VOV Tele-radio Holdinginin binasında Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi, Azərbaycan Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzi və “Vyetnamın Səsi” (“Voice of Vietnam” - VOV) Tele-radio Holdinginin birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə tədbir keçirilmişdir.

7 dekabr 2019-cu il tarixində Hanoy şəhərində VOV Tele-radio Holdinginin binasında  Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi, Azərbaycan Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzi və “Vyetnamın Səsi” (“Voice of Vietnam” - VOV) Tele-radio Holdinginin birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə səfir və səfirliyin əməkdaşları, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, VOV Tele-radio Holdinginin Prezidenti Nguyen The Ky və qurumun rəhbərliyi, Azərbaycan Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzinin direktoru Dao Xuan Tien və Mərkəzin əməkdaşları, o cümlədən ədəbiyyət üzrə ali təhsil ocaqları və mərkəzlərinin, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Vyetnamdakı səfiri A.İmanov zəngin və gədim tarixə malik ölkəmizin dünya mədəniyyətinin ən gədim mərkəzlərindən biri olduğunu vurğulamışdır. Bu xüsusda A.İmanov minilliklər boyu Azərbaycanın öz ərazisində zəngin bir mədəni irs yaradaraq dünya mədəniyyətinin xəzinəsinə öz layiqli töhfəsini verdiyini əlavə etmişdir.  

Öz nitqində səfir A.İmanov dövlət başçımızın milli, o cümlədən mədəni dəyərlərimizin qorunub-saxlanılması və təbliğinə böyük diqqət yetirdiyini bildirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2019-cu ili ölkəmizdə Nəsimi ili elan edildiyini qeyd edib, görkəmli şairimizin həyatı və yaradıcılığı haqqında dolğun məlumatı tədbir iştirakçıların diqqətinə çatdırmışdır. Çıxışı əsnasında A.İmanov İmadəddin Nəsiminin nəinki Azərbaycan milli, ümumiyyətlə dünya mədəniyyətinin inkişafına misilsiz töhfə verdiyini xüsusi qeyd edərək Nəsiminin yaradıcılığının ölkəmiz ilə yanaşı bütün Yaxın Şərq və Mərkəzi Asiyada geniş tanındığını söyləmişdir.

Həmçinin A.İmanov hələ 1979-cu ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və YUNESKO-nun gərarı ilə Nəsiminin anadan olmasının 600 illik yübileyi dünya ölkələrinin nümayəndələrinin iştirakı ilə təntənəli şəkildə Bakı və Moskva şəhərlərində keçirildiyini bildirmişdir. Bu xüsusda səfir ümumiyyətlə Ulu Öndərin Azərbaycan mədəni irsinin qorunub-saxlanlması və təbliğinə xüsusi diqqət yetirdiyini dilə gətirərək məhs onun təşəbbüsü ilə 1973-cu ildə “Nəsimi” adlı bədii filminin hazırlanıb nümayiş etdirildiyini və 1979-cu ildə Bakı şəhərində böyük mütəfəkkir İmadəddin Nəsiminin şərəfinə heykəlin ucaldıldığını əlavə etmişdir.

Eyni zamanda A.İmanov beynəlxalq aləmdə Nəsiminin yaradıcılığına böyük maraq göstərildiyini bildirərək 2017-ci ildə onun vəfatının 600 illiyi münasibətilə YUNESKO-nun “Tarixi hadisələrin və görkəmli şəxsiyyətlərin anım proqramı” çərçivəsində tədbirin keçirildiyini, habelə 2019-cu ildə Beynəlxalq Astronomiya Birliyi tərəfindən şairin şərəfinə kiçik planetlərdən birinə Nəsimi adının verildiyini bildirmişdir.

Öz növbəsində tədbirdə çıxış edən Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, VOV Tele-radio Holdinginin Prezidenti Nguyen The Ky İmadəddin Nəsimin yaradıcılığı ilə tanış olandan sonra Azərbaycanın zəngin mədəniyyət və ədəbiyyata malik olduğu nəticəsinə gəlmək mümkünlünü, habelə Azərbaycan ilə Vyetnam ölkələri və xalqları arasında çoxlu sayda oxşarlıqların mövcudluğunu üzə çıxdığını bildirmişdir.

Nguyen The Kynin bildirdiyinə görə İmadəddin Nəsimi təkcə böyük şair deyil, həmdə nüfuzu Azərbaycan və bütün dünyada geniş tanınan görkəmli yazıcı və filosofdur. Çıxışı əsnasında Nguyen The Ky dövlət başçımız tərəfindən 2019-cu ilin ölkəmizdə Nəsimi ili elan edildiyini Azərbaycan rəhbərliyi və xalqının İmadəddin Nəsimi irsinə verdiyi böyük dəyərin bariz təzahürü olduğunu xüsusi vurğulamışdır.

Daha sonra çıxış edən Azərbaycan Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzinin direktoru Dao Xuan Tien Nəsiminin əsərlərində böyük fəlsəfə, romantizm, təbiətə və insanlara sevgi, habelə özünü dərketmə kimi məqamların əks etdirildiyini bildirmişdir. Dao Xuan Tien Nəsiminin həyatı, yaradıcılığı və yaşadığı dövrünün Vyetnamın görkəmli şairi və ictimai-siyasi xadim Nguyen Trai ilə bəzi oxşarlıqların mövcudluğunu qeyd etmişdir. Dao Xuan Tienin söylədiyinə görə YUNESKO-nun eqidası ilə dünyanın bir sıra ölkəsində Nəsimiyə həsr olunan tədbirlərin keçirilməsi beynəlxalq aləmin Azərbaycanın malik olduğu zəngin mədəni irsinə göstərdiyi diqqətin əyani sübutudur.

Tədbir Vyetnamın görkəmli şairi Phung Honun Vyetnam dilinə tərcümə etdiyi Nəsiminin bir sıra şerlərinin oxunuşu ilə davam etdirilmişdir.

Daha sonra tədbir iştirakçıları Nəsiminin Azərbaycan ədəbiyyatının inkişafındakı, habelə Mərkəzi Asiya və Yaxın Şərq ədəbi-mədəni və ictimai-siyasi həyatında rolundan bəhs etmiş, görkəmli şairimizin ədəbi fəaliyyətini müzakirə etmiş, həmçinin Nəsimi ilə Vyetnamın məşhur şairləri arasında paralellər aparmışlar.

Tədbir çərçivəsində İmadəddin Nəsiminin həyatı və yaradıcılığına həsr olunan sənədli film nümayiş etdirilmişdir.

Tədbir Vyetnam kütləvi informasiya vasitələrində geniş işiqlandırılmışdır.

 

növbəti xəbər əvvəlki xəbər