2017-09-22
22 sentyabr 2017-ci il tarixində Vyetnam – Azərbycan Dostluq Assosiasiyasının və Azərbaycanın Vyetnamdakı Səfirliyinin birgə təşkilatçılığı ilə Vyetnamın Vunq Tau şəhərində 2-ci Vyetnam – Azərbaycan Dostluq Forumu keçirilmişdir.

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2014-cü ildə Vyetnama dövlət səfəri çərçivəsində Azərbaycan ali təhsil ocaqlarının vyetnamlı məzunları ilə keçirdiyi görüş zamanı Vyetnam-Azərbaycan Dostluq Forumunun keçirilməsi təşəbbüsü ilə çıxış etmiş və muvafiq tapşırıqlarını vermişdir. Bunun əsasında 2015-ci ilin 7 may tarixində Bakıda 1-ci Vyetnam – Azərbaycan Dostluq Forumu uğurla keçirilmişdir.

2-ci Dostluq Forumu  Vyetnam və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuşdur. Tədbirdə Vyetnam hökumətinin, prezident administrasiyasının, kommunist partiyasının, parlamentinin və digər dövlət qurumlarının, PetroVyetnam, VietsovPetro, PetroLimeks kimi böyük şirkətlərin nümayəndələrinin, bu qurumlarda çalışan Azərbaycan ali təhsil ocaqlarının vyetnamlı məzunları iştirak etmişdir.

Tədbirdə həmçinin Azərbaycan Respublikasının Təhsil Nazirinin müavini Firudin Qurbanovun rəhbərliyi ilə Bakı Dövlət Universitetinin Rektoru Abel Məhərrəmov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin  Rektoru Mustafa Babanlı, nazirliyin və qeyd olunan universitetlərin əməkdaşlarndan ibarət nümayəndə heyəti iştirak etmişdir.

Tədbiri giriş nitqi ilə açan Vyetnam Parlamentinin üzvü, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri Nghiem Vu Khai Azərbaycan və Vyetnam arasında dostluq münasibətlərinin diplomatik əlaqələrdən daha öncə, hələ Sovet İttifaqı dövründən qurulduğunu və bu gün də bu münasibətlərin uğurla davam etdirildiyini bildirmişdir. O, iki ölkə arasında dostluq münasibətlərinin inkişafında və daha da möhkəmlənməsində Azərbaycan ali təhsil ocaqlarının vyetnamlı məzunlarının böyük rol oynadığını vurğulamışdır. Nghiem Vu Khai ümumilikdə Azərbaycanın universitet, institut və texnikumlarını dörd mindən çox vyetnamlı məzununun bitirdiyini qeyd etmişdir. O, bu məzunların Vyetnamın özəl və dövlət qurumlarında yüksək vəzifələrdə çalışdıqlarını qeyd etmiş, Vyetnam Parlamentinin Sədr müavini Uong Çu Luu, Vyetnam Ədliyyə Naziri Le Than Long, parlamentin bir sıra deputatlarının, müdafiə nazirliyində eləcə də vyetnamın hərbi dəniz qüvvələrində çalışan vyetnamlı məzunların, Vyetnamın aparıcı neft şirkətlərinin rəhbərlərinin məhz Azərbaycan ali təhsil ocaqlarının məzunları olduqlarını diqqətə çatdırmışdır.  Nghiem Vu Khai, Vyetnamlı məzunların Azərbaycanı özləri üçün ikinci vətən hesab etdiyini və bundan sonra da Azərbaycan və Vyetnam arasında əməkdaşlğın inkişaf etdirilməsi naminə səylərini əsirgəməyəcəklərini vurğulamışdır.

Daha sonra çıxış edən Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan Vyetnam Azərbaycan Dotluq Forumunun keçirilməsi ənənəsinin ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və daha da möhkəmlənməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Səfir 2-ci Vyetnam – Azərbaycan Dostluq Forumunun Vunqtau şəhərində keçirilməsinin təsadüfi olmadığını qeyd edərək, məhz bu şəhərdə yüzlərlə azərbaycanlı mütəxəssisin vyetnamlı həmkarları ilə çiyin-çiyinə çalışdıqlarını, bu ölkənin neft sənayesinin inkişaf etdirilməsi üçün böyük fədakarlıqlar nümayiş etdirdiklərini vurğulamışdır. Səfir Azərbaycanın Vyetnamla bütün sahələr üzrə əməkdaşlığın inkişafına önəm verdiyini qeyd edərək, xüsusilə təhsil sahəsində tarixən mövcud olan uğurlu əməkdaşlığın hal-hazırda davam etdirilməsinin vacibliyindən söhbət açmış və Dostluq Forumun bu prosesə təkan verəcəyindən əminliyini ifadə etmişdir. Səfir A. İmanov, tədbirin təşkilinə görə Vyetnam – Azərbycan Dostluq Assosiasiyasına, VietSovPetro şirkətinə, həmçinin iki ölkə arasında dostluq münasibətlərinin inkişafında fəal iştirak edən vyetnamlı məzunlara təşəkkürünü bildirmişdir.

Təhsil Nazirinin müavini Firudin Qurbanov çıxışında Azərbaycan və Vyetnam arasında dostluq münasibətlərinin əsasının Vyetnam xalqının böyük oğlu Ho Chi Minhin 1959-cu ildə Azərbaycana və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1983-cü ildə  Vyetnama səfəri ilə qoyulduğunu vurğulamışdır. O, Vyetnamın çətinliklərlə üzləşdiyi dönəmdə Azərbaycan ali təhsil ocaqlarının bu ölkənin inkişafında xidmətləri olan minlərlə mütəxəssislərin yetişdirilməsində böyük rol oynadığını vurğulamış və bu faktın qürurverici olduğunu söyləmişdir. Firudin Qurbanov hal-hazırda xarici tələbələrin ölkəmizdə yüksək səviyyəli təhsil alması üçün geniş imkanların yaradıldığını diqqətə çadırmış və Vyetnam ilə təhsil sahəsində əməkdaşlığın intensivləşdirilməsi üçün zəruri addımların atılmasının vacibliyini vurğulamışdır.

Daha sonra Nazir müavini Firudin Qurbanov, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 sentyabr 2017-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xidmətlərinə görə Vyetnam Prezidenti Administrasiyasının Beynəlxalq Əlaqələr İdarəsinin Baş Direktoru xanım Nguyen Vu Ha Lenin və Vyetnam Parlamentinin üzvü, Vyetnam – Azərbycan Dostluq Assosiasiyasının sədri  Nghiem Vu Khaiyin “Tərəqqi” medalı ilə təltif edildiklərini bildirmiş və onlara medalları təqdim etmişdir.

Forumda çıxış edən Abel Məhərrəmov, Bakı Dövlət Univesitetininin 400-dən artıq vyetnamlı məzunu olduğunu bildirmiş, bu məzunların Vyetnamda yüksək vəzifələrdə çalışdığından qürür hissi keçdirdiyini vurğulamışdır. O, illər ötməsinə baxmayaraq Vyetnamlı məzunlarının öz doğma universitetlərini hər zaman xatırladıqlarını, müntəzəm olaraq universiteti ziyarət etdiklərini qeyd etmiş və sonuncu dəfə 13 iyul 2017-ci il tarixində vyetnamlı məzunlardan ibarət nümayəndə heyətinin universitetdə olduğunu bildirimişdir. Abel Məhərrəmov, həmçinin 12 sentyabr tarixində Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Siyasi Büronun üzvü Çionq Txi Mayın başçılıq etdiyi nümayəndə heyətinin Bakı Dövlət Universitetini ziyarət etdiyini və universitetdə Vyetnam və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş foto sərgi ilə tanış olduğunu diqqətə çatdırmışdır. Daha sonra Abel Məhərromov, Bakı Dövlət Universitetində təhsil imkanları barədə məlumat vermiş və Dostluq Forumunun iki ölkə arasında elm və təhsil sahələrində əməkdaşlığa təkan verəcəyinə ümid etdiyini bildirmişdir.

Forumda həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı çıxış etmişdir. Mustafa Babanlı Sovet İttifaqı illərində eləcə də Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Vyetnamlı mütəxəssislərin yetişməsində müstəsna xidmətlərinin olduğunu diqqətə çatdırmışdır. Rektor, hazırda məhz universitetin məzunlarından Nguyen Vu Truong Sonun PetroVyetnam şirkətinə və Thu Thanh Nghianın VietSovPetro şirkətinə rəhbərlik etməsinin, eləcə də digər vyetnamlı mütəxəssislərin nailiyyətlərinin bunun bariz nümunəsi olduğunu vurğulamışdır.   Mustafa Babanlı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 1977-ci il, 2000-ci il, 2007-ci illərdə Vyetnamın “Dost”luq ordeni, 2010-cu ildə isə “Əmək” ordeni ilə təltif edilməsinin qururverici olduğunu bildirmişdir. Daha sonra M.Babanlı,  hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində mövcud olan təhsil imkanları barədə məlumat vermiş, Vyetnamla neft üzrə təhsil sahəsində əməkdaşlıq ənənələrinin bundan sonra da uğurla davam etdirilməsi üçün böyük potensialın olduğunu vurğulamışdır.

Daha sonra tədbir zamanı Azərbaycan və Vyetnam arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə, Azərbaycan və Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına verdiyi töhfəyə görə Bakı Dövlət Universiti,  Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə Vyetnam Sosialist Respublikasının yüksək mükafatlarından olan və ölkə Prezidenti tərəfindən verilən “Dostluq” ordeni təqdim olunmuşdur.

Forumda həmçinin VietSovPetro Şirkətinin Baş Direktoru Thu Thanh Nghia, PetroVytenam şirkətinin Direktorlar Şurasının üzvü Phan Ngoc Trung və digər məzunlar çıxış edərək Azərbaycan ilə bağlı xatirələrini bölüşmüş, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərinə dair öz təkliflərini irəli sürmüşlər.

Tədbir konsert proqramı ilə davam etdmişdir.  

növbəti xəbər əvvəlki xəbər