2015-12-10
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi YAP nümayəndə heyəti Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ngiem Vu Khai ilə görüş keçirmişdir.

Cari ilin 10 dekabr tarixində Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi YAP nümayəndə heyəti Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ngiem Vu Khai ilə görüş keçirmişdir.

Görüş zamanı Ngiem Vu Khai rəhbərlik etdiyi Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin iki ay öncə təsis edildiyini və üzvlərinin əksəriyyətinin vaxtilə Azərbaycanda təhsil almış Vyetnamlılardan ibarət olduğunu diqqətə çatdırmışdır. O, 1970-80-ci illərdə dörd minə yaxın vyetnamlı tələbənin Azərbaycanda təhsil aldığını və hazırda həmin məzunların Vyetnamın dövlət və özəl sektorunda yüksək vəzifələrdə çalışdıqlarını bildirmişdir. Ngiem Vu Khai, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü ilin 18-19 may tarixlərində Vyetnama dövlət səfəri çərçivəsində Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşünün onlar üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. O, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə cari ilin 7 may tarixində Bakı şəhərində vyetnamlı məzunların iştirakı ilə dostluq forumunun keçirilməsinin ölkə başçımızın Vyetnamla əlaqələrə böyük diqqət və qayğısının göstəricisi olduğunu vurğulamış və məzunlar adından bir daha təşəkkürünü bildirmişdi.

Mübariz Qurbanlı, yeni təsis olunmuş Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətində uğurlar arzulamış və Azərbaycan tərəfinin təşkilata hərzaman dəstək verməyə hazır olduğunu vurğulamışdır. O, vyetnamlı məzunların iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına verdiyi töhfəyə görə təşəkkürünü bildirmişdir.

 

 

növbəti xəbər əvvəlki xəbər