2015-12-11
Azərbaycanın Vyetnamdakı Səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş klassik musiqi konserti keçirilmişdir.

Cari ilin 11 dekabr tarixində Azərbaycanın Vyetnamdakı Səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş Azərbaycan və Vyetnam bəstəkarlarının əsərlərindən ibarət klassik musiqi konserti keçirilmişdir.

Tədbirdə Vyetnam Parlamentinin, Kommunist partiyasının, Xarici İşlər Nazirliyinin, digər dövlət və hökumət qurumlarının rəsmiləri, Hanoy şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycanın ali təhsil ocaqlarının vyetnamlı məzunları iştirak etmişdir. Tədbirdə həmçinin Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi YAP nümayəndə heyəti iştirak etmişdir.

Tədbir zamanı çıxış edən Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycanın qurucusu olduğunu, ölkəmizin inkişafında və müstəqilliyinin möhkəmlənməsində əvəzssiz xidmətləri olduğunu vurğulamışdır. Səfir, həm Sovet İttifaqı dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik edən Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizin bütün sahələr üzrə daim yüksək nailiyyətlər əldə etdiyini bildirmişdir. Səfir, həmçinin Heydər Əliyevin Azərbaycanla Vyetnam arasında əməkdaşlığın qurulmasındakı rolundan bəhs etmiş və bu xüsusda Ulu Öndərin 1983-cü ildə Vyetnama səfərinin böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Səfir A. İmanov, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.

Səfirin çıxışından sonra Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən YAP İcra Katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan tarixində XX əsrin son 30 ilinin məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulamışdır. O, Heydər Əliyevin siyasi və ictimai fəaliyyətini hərzaman Azərbaycan xalqı və dövlətinin inkişafına həsr etdiyini bildirmişdir. M. Qurbanlı, Ulu Öndərin müdrik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dinamik inkişaf edən, güclü iqtisadiyyata malik ölkəyə çevrildiyini diqqətə çatıdmışdır. O, Ulu Öndərin xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını vurğulamışdır.

Tədbirdə çıxış edən Vyetnam Parlamentinin təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, Vyetnam-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Tran Dinh Nha, Heydər Əliyevin dahi şəxsiyyət, tanınmış siyasətçi və müdrik dövlət başçısı kimi özündən sonra böyük irs buraxdığını vurğulamışdır. O, Vyetnam xalqının Heydər Əliyevi hər zaman özü üçün böyük dost hesab etdiyini və onun xatirəsini dərin hörmətlə yad etdiyini diqqətə çatdırmışdır. 

növbəti xəbər əvvəlki xəbər