2018-05-25
Azərbaycan Demokratik Respublikasının yaradılmasının 100 illiyi münasibətilə Vyetnamda keçirilən silsilə tədbirlər çərçivəsində 24 may 2018-ci il tarixində Hanoy şəhərində Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi və Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının birgə təşkilatçılığı ilə vyetnamlı fotografçı Ta Ngoc Xuanın Azərbaycana həsr edilmiş foto sərgsinin rəsmi açılış mərasimi keçirilmişdir.

Tədbirdə Vyetnam Parlamentinin Sədrinin müavini Uong Chu Luu, Vyetnam Milli Assambleyasının üzvü, Vyetnam – Azərbaycan Dostluq Assosiasiyasının Sədri  Nghiem Vu Khai, Assosiasiyanın üzvləri, Azərbaycan təhsil ocaqlarının məzunları, müxtəlif dövlət və qeyri-dövlət qurumlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərasimi giriş sözü ilə açan səfir A.İmanov 28 may 2018-ci il tarixində Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 100 illiyinin qeyd olunması münasibətilə 2018-ci ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini xüsusi vurğulamışdır.

Həmçinin A.İmanov müsəlman Şərqində yaradılan bu ilk parlament respublikasının Azərbaycan xalqının qədim dövlətçilik ənənələrini yaşadaraq hələ 100 il bundan əvvəl müasir dövrə xas dövlət təsisatlarının formalaşdırılmasına nail olduğunu bildirmişdir. Səfir əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımızın nəhayət ki, öz müstəqil dövlətini qurduğunu söyləyərək ADR-in Azərbaycanın dövlətçilik tarixində mühüm bir hadisə olduğunu qeyd etmişdir.

Eyni zamanda səfir Azərbaycanın bugün dünya birliyində müstəqil dövlət kimi bərqərar olmasının, habelə demokratik ənənələrin, insan hüquq və azadlıqlarının qorunmasının, söz və mətbuat azadlığına geniş meydan verilməsinin əsasının məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulduğunu xüsusi vurğulamışdır.

Səfir cəmi 23 ay mövcud olan ADR-in hüquqi varisi Azərbaycan Respublikasının 1991-ci ildə öz müstəqilliyini bərpa etdiyini söyləyərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müasir Azərbaycan Respublikasının banisi olduğunu xüsusi qeyd etmişdir. Həmçinin A.İmanov Cənubi Qafqaz bölgəsinin lider dövlətinə çevrilən Azərbaycanın uğurlu daxili və xarici siyasətin, o cümlədən hazırda real nəticələr verən ölkəmizdə son illər ərzində həyata keçirilən genişmiqyaslı hərtərəfli islahatların təməlinin məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğuna xüsusi diqqət çəkmişdir. Səfir hazırda həmin siyasətin Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişdir.            

Daha sonra tədbirdə çıxış edən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının Sədri, Vyetnam Milli Assambleyasının üzvü Nghiem Vu Khai Azərbaycan Demokratik Respublikasının yaradılmasının 100 illiyi münasibətilə Azərbaycan Hökuməti və xalqını təbrik edərək hələ 100 il bundan əvvəl yaradılan ADR-in hazırkı müstəqil Azərbaycanın formalaşdırılmasına fundamental töhfə verdiyinə əminliyini ifadə etmişdir. Həmçinin Nghiem Vu Khai hələ bir əsr öncə bütün dünyaya əsas demokratik dəyərlərə sadiqliyini nümayiş etdirən Azərbaycan Xalq Cümhuriyyətinin bir çox ölkə üçün nümunə ola biləcəyini xüsusi qeyd etmişdir.  

Həmçinin Nghiem Vu Khai ölkələrimiz arasındakı əlaqələrin hazırkı sürətli inkişafının təməlinin Vyetnamın sabiq Prezidenti Ho Chi Minh və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu xüsusi vurğulayaraq minlərlə vyetnamlıya dost Azərbaycanda yüksək keyfiyyətli təhsil alma imkanının verildiyi üçün Azərbaycan Hökumətinə, göstərdiyi səmimi qonaqpərvərliyə görə isə xalqımıza dərin təşəkkürünü izhar edib bu nəcib işlərin yaddaşlarından heç bir zaman silinməyəcəyini söyləmişdir.

Sərgidə Azərbaycan Demokratik Respublikasının dövrünə aid olan şəkillər ilə yanaşı vyetnamlı fotografçı Ta Ngoc Xuanın ölkəmizdə olarkən çəkdiyi şəkillər də nümayiş etdirilmişdir. 

 

növbəti xəbər əvvəlki xəbər