2018-05-10
10 may 2018-ci ildə Azərbaycanın Vyetnamdakı Səfirliyi tərəfindən Hanoy şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Azərbaycanın tanınmış bəstəkarı Vaqif Mustafazadənin əsərlərindən ibarət konsert proqramı nümayiş etdirilmişdir.

Tədbirdə Vyetnam Kommunist Partiyasının, Prezident Administrasiyasının, Xarici İşlər Nazirliyinin, digər dövlət qurumlarının rəsmiləri, Hanoyda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Vyetnamın ali təhsil ocaqlarının və gənclər təşkilatının nümayəndələri, həmçinin Azərbaycan universitetlərinin vyetnamlı məzunları və KİV nümayəndələri iştirak etmişdir.

Tədbiri giriş nitqi ilə açan Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizin tarixində əvəzsiz rol oynadığını və dövlətçıliyimizin möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətləri ilə Azərbaycan tarixinin gedişatını dəyişən bir şəxs olduğunu xüsusi vurğulamışdır.

Səfir Heydər Əliyevin Azərbaycan tarixinin iki dövründə də, o cümlədən Sovet İttifaqı və müstəqillik zamanı ölkəmizə uğurla rəhbərlik etdiyini bildirmişdir. A.İmanov ulu öndərin rəhbərliyi ilə sovet dövründə görülən fundamental tədbirlər nəticəsində qısa müddət ərzində kənd təsərrüfatı və neft hasil edən Azərbaycanın keçmiş Sovet İttifaqının ən sənayeləşmiş Respublikalarından birinə çevrildiyini qeyd etmişdir. Səfir məhz bu misilsiz fəaliyyətinə görə Heydər Əliyev Sovet İttifaqı Nazirlər Şurasının sədrinin birinci müavini vəzifəsinə qədər yüksəldiyini və 1982-1987-ci illərdə bu vəzifəsinin öhdəsindən layiqincə gəldiyini söyləmişdir.

Həmçinin A.İmanov müstəqil Azərbaycanın tarixində də Heydər Əliyevin dövlətçilik fəaliyyətinin əvəzsiz olduğunu xüsusi vurğulamışdır. Səfir Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın hərtərəfli sürətli inkişafının təmin olunması və dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi istiqamətlərində mühüm tədbirlərin görülməsinə, o cümlədən bütün sahələr üzrə ciddi islahatlara və beynəlxalq tərəfdaşlar ilə əlaqələrin qurulmasına başlanıldığını bildirmişdir. Səfir Heydər Əliyevin rəhbərliyi ilə energetika, infrastruktur və digər sahələrdə genişmiqyaslı layihələrin uğurla həyata keçirilməsi nəticəsində bugün Azərbaycanın Cənubi Qafqaz bölgəsinin lider dövlətinə çevrildiyini və beynəlxalq aləmdə mövqelərinin möhkəmləndiyini xüusi vurğulamışdır.

Daha sonra A.İmanov Heydər Əliyevin Azərbaycan və Vyetnam xalqları arasında əlaqələrin qurulmasında və inkişafında mühüm rol oynadığını bildirmişdir. Səfir Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ilə iki xalq arasında dostluq təməlinin qoyulduğunu qeyd etmişdir. Səfir Heydər Əliyevin dəstəyi sayəsində, minlərlə azərbaycanlı mütəxəssisin Vyetnama göndərilərək müharibədən sonra ölkə infrastrukturunun, xüsusilə də neft sənayesinin yenidən qurulmasına köməklik göstərdiyini söyləmişdir. A.İmanov Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycanın təhsil müəssisələrində beş mindən çox vyetnamlının  oxuduğunu bildirmişdir.  

A.İmanov Azərbaycanın bugünkü inkişafının ulu öndər Heydər Əliyevin tariximizin həlledici anlarında verdiyi müdrik qərarlara əsaslandığını və Azərbaycan xalqının ümummilli liderinin bu xidmətlərini yüksək qiymətləndirdiyini xüsusi vurğulamışdır.

Tədbir zamanı ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, habelə ulu öndərin şah əsəri olan müasir Azərbaycan haqqında video nümayiş etidirilmiş, həmçinin Səfirlik tərəfindən Vyetnam dilində nəşr etdirilmiş “Heydər Əliyev” kitabı tədbir iştirakçılarına təqdim olunmuşdur. 

 

növbəti xəbər əvvəlki xəbər