Azərbaycan-Vyetnam münasibətləri

Qısa tarixi münasibətlər:

Azərbaycan ilə Vyetnam arasında diplomatik münasibətlər 23 sentyabr 1992-ci ildə qurulmuşdur. 1 dekabr 2011-cı ildə Vyetnam Sosialist Respublikasının (iqamətgahı Moskva şəhərində olmaqla) Azərbaycan Respublikasındakı səfiri cənab Fam Suan Şon etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 fevral 2013-cü il tarixli 2744 saylı sərəncamı ilə Anar Laçın oğlu İmanov Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir. 16 may 2013-cü il tarixində Səfir A. İmanov etimadnaməsini Vyetnam Prezidenti cənab Truong Tan Sanga təqdim etmişdir.

Yüksək səviyyəli qarşılıqlı səfərlər:

18-19 may 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri həyata keçirilmişdir.

Digər səfərlər:

2007-ci ilin aprel ayında Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Naziri Ə. Abbasov Vyetnamda işgüzar səfərdə olmuşdur.

7-10 aprel 2010-cu il tarixlərində Vyetnam Sosialist Respublikasının Baş Nazirinin müavini Hoanq Çunq Hayın, xarici işlər nazirinin müavini cənab Nquen Kuok Kıonq Azərbaycan Respublikasına səfər etmişlər.

21-24 noyabr 2012-ci il tarixlərində Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, beynəlxalq əlaqələr komitəsinin rəhbəri cənab Xoanq Bin Kuanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda keçirilmiş Asiya siyasi partiyalarının 7-ci Baş Assambleyasının beynəlxalq konfransında iştirak etmək məqsədi ilə Azərbaycanda səfərdə olmuşdur.

11-13 aprel 2013-cü il tarixlərində Vyetnam Sosialist Respublikasının xarici işlər nazirinin müavini xanım Nquen Fıonq Nqa Bakıda keçirilən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Məzunlar Forumunda iştirakı məqsədilə Azərbaycanda səfərdə olmuşdur.

25 - 29 aprel 2013-cü il tarixlərində YAP İcra katibinin müavini, millət vəkili Mubariz Qurbanlı və partiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsinin 19-cu iclasında iştirak etmək məqsədilə Vyetnamda səfərdə olmuşlar.

2-5 iyul 2014-cü il tarixlərində Vyetnam Sosialist Respublikasının Mədəniyyət, İdman və Turizm Naziri cənab Honq Tuan An ölkəmizdə rəsmi səfərdə olmuşdur.

Parlamentlərarası əlaqələr:

27-29 iyun 2013-cü il tarixlərində Vyetnam parlamentinin vitse-spikeri Uonq Çu Lunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

2013-cü ilin noyabr ayında Vyetnam Parlamentində Vyetnam-Azərbaycan parlamentlərarası dostluq qrupu təsis olunmuşdur. Qrupun rəhbəri Parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Tran Dinh Nhadır.

17 dekabr 2013-cü il tarixində Milli Məclisdə Azərbaycan-Vyetnam parlamentlərarası dostluq qrupu təsis olunmuşdur. Qrupun rəhbəri Novruzəli Aslanovdur.

Sahələr üzrə əməkdaşlıq:

Siyasi sahədə:

9-11 aprel 2007-ci il tarixlərində Vyetnam Sosialist Respublikasının Xarici İşlər Nazirliyinin I Avropa İdarəsinin rəisi Vuonq Tua Fonq XİN-lərarası məsləhətləşmələr aparmaq məqsədi ilə Azərbaycana səfər etmişdir.

25 fevral 2013-cü il tarixində BMT İnsan Hüquqları Şurasının 22-ci sessiyası çərçivəsində Cenevrədə keçirilmiş Yüksək Səviyyəli Seqmentdə iştirak edən Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Xələf Xələfov Vyetnam Sosialist Respublikasının Xarici İşlər Naziri Fam Bin Minlə görüşmüş, ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə etmişdir.

İki ölkə arasında siyasi sahədə iki sənəd imzalanmışdır:

  1. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Vyetnam Sosialist Respublikası Xarici İşlər Nazirliyi arasında Əməkdaşlıq Protokolu;
  2. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında Əməkdaşlıq haqqında Memorandum.

İqtisadi sahədə:

2013-cü üzrə ticarət dövriyyəsi 307, 75 mln. ABŞ dolları İdxal: 5, 20 mln. ABŞ dolları

İxrac: 302, 55 mln. ABŞ dolları

İqtisadi sahədə imzalanmış sənədlər:

  1. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Vyetnamın Neft və Qaz Korporasiyası (Petrovyetnam) arasında strateji əməkdaşlıq haqqında Saziş.
  2. Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasındaticarət-iqtisadi, elmi-texniki əməkdaşlıq haqqında Saziş.
  3. Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya.

Humanitar sahədə:

Petrovyetnam şirkətinin xətti ilə Azərbaycan Dövlət Neft Akademiyasında 33 nəfər vyetnamlı tələbə təhsil alır.

Humanitar sahədə imzalanmış sənədlər:

  1. Azərbaycan Respublikasının Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında diplomatik, xidməti və ya rəsmi pasportlara malik vətəndaşların gediş-gəlişihaqqında Saziş;
  2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Vyetnam Sosialist Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol;
  3. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “ARDNŞ” və Vyetnamın Neft və Qaz Korporasiyası “Petrovyetnam” arasında Strateji Əməkdaşlıq haqqında Saziş;
  4. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında Əməkdaşlıq haqqında Memorandum.
  5. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Vyetnam Sosialist Respublikasının Mədəniyyət, İdman və Turizm Nazirliyi arasında 2014-2016-cı illər üzrə mədəniyyət sahəsində əməkdaşlıq Proqramı.

Müqavilə hüquq bazası:

Azərbaycanla Vyetnam arasında on sənəd imzalanmışdır.