Pasport

Azərbaycan Respublikasının ümumvətəndaş pasportu

Azərbaycan Respublikasının ümumvətəndaş pasportu (bundan sonra pasport) – onu daşıyan şəxsin vətəndaşlığını və şəxsiyyətini təsdiq edən sənəddir. Pasportun etibarlıq müddəti on ildir və onun müddəti uzadılmır. Pasportun etibarlıq müddəti bitdikdə və ya səhifələri dolduqda vətəndaş yeni pasport almalıdır. Bütün pasportlar ölkə daxilində – Azərbaycanda rəsmiləşdirilir. Vətəndaşın xarici ölkədə daimi yaşaması və pasportunun etibarlıq müddətinin bitməsi onun vətəndaşlığının xitamına səbəb olmur.

Xaricdə daimi yaşayan, etibarlıq müddəti bitmiş və ya səhifələri dolmuş pasport sahibləri, xarici ölkə ərazisində pasportunu itirmiş və ya pasportu oğurlanmış şəxslər, habelə18 yaşı tamam olan Azərbaycan vətəndaşları yeni pasport almaq üçün Səfirliyin konsulluq şöbəsinə müraciət edə bilərlər. Müraciət edən şəxs müvafiq qaydaya uyğun ardıcıllıqla tərtib edilmiş sənədləri Səfirliyin konsulluq şöbəsinə təqdim etməlidir. Qaydaya uyğun tərtib edilməyən və ya səliqəsiz hazırlanmış sənədlər baxılmadan geri qaytarılacaqdır.

Səfirliyə daxil olmuş müraciətlərə konsulluqda baxıldıqdan sonra, müvafiq sənədlər Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinə göndərilir. Tələb olunan sənədlər siyahısının 10-cu bəndində qeyd olunan 40 (qırx) manat Bakıda ödənildikdən və müvafiq qəbz AR XİN-in Konsulluq idarəsinə təqdim edildikdən sonra, sənədlər Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat idarəsinə göndərilir. Pasport-Qeydiyyat idarəsində rəsmiləşdirilmiş yeni pasport Xarici İşlər Nazirliyi vasitəsilə Səfirliyə çatdırılır. Səfirliyin konsulluq şöbəsi yeni pasportda konsulluq qeydiyyatı apardıqdan sonra onu sahibinə təqdim edir. Səfirlik vasitəsilə yeni pasportların rəsmiləşdirilməsi adətən 3-4 ay müddət tələb edir.

Etibarliq müddəti bitmiş, səhifələri dolmuş pasportun səfirlik vasitəsilə əvəz edilməsi üçün tələb olunan sənədlər:

  1. Müddəti bitmiş ümumvətəndaş pasportunun əsli
     
  2. Müddəti bitmiş ümumvətəndaş pasportunun 2 (iki) nüsxədə fotosurəti (2,3,4,5 və axırıncı səhifələri– vacib)
     
  3. Pasport üçün rəngli fotoşəkil (3.5 sm x 4.5 sm) – 4 ədəd;(Şəxsin adı və soyadı fotoşəkillərin arxasında yazılmalıdır)
     
  4. Ərizə-anket
     
  5. Yeni pasport alınması üçün Azərbaycan Respublikasının Səfirliyinə ərizə-müraciət
     
  6. Xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşının uçot kartoçkası;
     
  7. Ölkədə daimi/müvəqqəti yaşayış hüququnu təsdiq edən sənəd (miqrasiya və ya digər dövlət qurumundan).
     
  8. 55 USD məbləğində konsulluq rüsumunun ödənilməsi haqqında qəbz Korea Exchange Bank – 650-00589363-2 (USD Account)
     
  9. Daxili İşlər Nazirliyinin Pasport və Qeydiyyat idarəsinə 40 (qırx) manat məbləğində dövlət rüsumu ərizəçinin qohumu/nümayəndəsi tərəfindən Azərbaycanda ödənilməli və ödəmə haqqında qəbz Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinə təqdim olunmalıdır (+994 12 596 93 48).

Anketlərin Səfirliyin qəbul otağında doldurulmasına icazə verilmir. Tam doldurulmamış anketlərlə müraciət edən vətəndaşların sənədləri qəbul olunmayacaqdır. Anketlər Azərbaycan dilində latın əlifbası ilə dəqiq və aydın doldurulmalıdır. Qaydaya uyğun tərtib edilməyən və ya səliqəsiz hazırlanmış sənədlər baxılmadan geri qaytarılacaqdır. Sənədlər plastic (polietilen) və ya kağız qovluqlarda gətirilməlidir.

Aşağıda göstərilən immiqrasiya statusuna malik olan Azərbaycan vətəndaşları Səfirlik vasitəsilə pasportlarının yenisi ilə əvəz olunması hüququna malik deyillər və onlar Qayıdış şəhadətnaməsi ilə Azərbaycana gedib, yeni pasportların alınması üçün Daxili İşlər Nazilriyinə şəxsən müraciət etməlidirlər.

1. Vaxtı keçmiş iş vizasi

2. Vaxtı keçmiş tələbə vizası

3. Qonaq vizasi

4. Turist vizası

Müddəti bitmiş pasportların yenisi ilə əvəz olunması Xarici İşlər Nazirliyinin Konsulluq idarəsi və Daxili İşlər Nazirliyinin səlahiyyəti çərçivəsindədir. Yeni pasportun Səfirlikdən alınması müddəti üç aydan dörd ayadəkdir. Müddəti bitmiş pasportun yenisi ilə əvəz olunması prosesinin gedişi barədə məlumatın alınması üçün ərizəçinin şəxsi nümayəndəsinin Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinə müraciət etməsini tövsiyyə edirik.

Pasportunu itirmiş vəya pasportu oğurlanmış vətəndaşlara Səfirlik vasitəsilə yeni pasportların rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:

Pasportunu itirmiş və ya pasportu oğurlanmış vətəndaşlar üçün Səfirlik vasitəsilə yeni pasportların rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər yuxarıda qeyd olunmuş sənədlərlə eynilik təşkil edir (1-ci bənd istisna olmaqla). Əlavə olaraq, pasport sahibləri pasportlarının oğurlanması və ya itirilməsi ilə əlaqədar yaxınlıqdakı polis şöbəsinə müraciət edərək, həmin fakt barədə müvafiq arayış almalıdırlar.

Azərbaycan vətəndaşları pasportlarının itirilməsi və ya oğurlanması barədə Səfirliyin Konsulluq şöbəsinə mütləq məlumat verməlidirlər.

Polisdən müvafiq arayış almayan ərizəçinin müraciətinə Səfirlik tərəfindən baxılmayacaqdır. 

18 yaşı tamam olmuş və ilk dəfə pasport alan vətəndaşlara Səfirlik vasitəsilə pasportun rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:

18 yaşına çatmış şəxslər üçün yuxarıda qeyq olunmuş sənədlərdən başqa    (1 və 2-ci bəndlər istisna olmaqla) əlavə olaraq:

  • doğum haqqında şəhadətnamə (Azərbaycandan kənarda verilmişdirsə, tərcümə və leqalizə edilmiş formada təqdim olunmalıdır)
     
  • qan qrupu barədə arayış
     
  • valideyinlərin pasportlarının surətləri,
     
  • valideyinlərindən razılıq məktubu tələb olunur.