Səfirin müraciəti

Hörmətli oxucu,

Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyinin internet səhifəsinə xoş gəlmisiniz. Bu internet səhifəsi Azərbaycan, onun Vyetnam, Kamboca və Laosla əlaqələri, həmçinin Səfirliyin fəaliyyəti və onun tərəfindən təşkil olunan və həyata keçirilən tədbirlər barədə məlumat verir.

Bugünkü müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının hüququ varisidir. Azərbaycan Demokratik Respublikası bir tərəfdə Avropa demokratik dəyərlərini və Şərq mədəniyyətinin xüsusiyyətlərini, digər tərəfdə isə dünyəvi və milli dəyərləri üzvü şəkildə birləşdirərək hüquqi və dünyəvi dövlət yaratmışdı. Azərbaycan Demokratik Respublikası eyni zamanda Şərqdə ilk dəfə olaraq öz parlamentini yaratmış, qadınlara səsvermə hüququ vermiş, dövlət quruculuğu və hərb, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində mühüm qərarlar qəbul etmiş və əməli addımlar atmışdır.

Bu gün Azərbaycan Respublikası müxtəlif mədəniyyətlərin birləşdiyi çoxmillətli və çoxkonfessiyalı bir ölkədir. Azərbaycan Respublikası müxtəlif sahələrdə bir sıra uğurlar əldə etmiş və burada bütün sahələrdə əhəmiyyətli inkişaf vardır. Ölkədə hüquqi, iqtisadi, sosial, elmi, təhsil və s. sahələrdə demokratik islahatlar həyata keçirilir. Azərbaycan eyni zamanda dünyanın ən dinamik inkişaf edən ölkələri sırasına qoşulmuş və beynəlxalq birliyə inteqrasiya olunmuşdur ki, bu da onun beynəlxalq aləmdə əlverişli tərəfdaş kimi tanınmasına yol açır. Azərbaycan dünyanın bütün ölkələri ilə dostluq və sıx əlaqələr yaradılmasına böyük əhəmiyyət verir. Azərbaycanla Vyetnam arasında mövcud olan hərtərəfli əməkdaşlıq buna bariz nümunədir.

Azərbaycan və Vyetnam arasında uzunmüddətli tarixi və mədəni əlaqələr mövcuddur.  İki ölkə arasında ənənəvi və dostluq münasibətlərinin əlaqələrinin təməli 1959-cu ildə Prezident Ho Şi Minin Azərbaycana və 1983-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Vyetnama səfərləri ilə qoyulmuşdur. Sovet dövründə çoxlu sayda vyetnamlı tələbə Azərbaycanda ali təhsil almış və onların əksəriyyəti bu gün Vyetnamın müxtəlif dövlət və hökumət strukturlarında çalışırlar. Azərbaycanın neft və qaz mütəxəssisləri öz təcrübələrini vyetnamlı həmkarları ilə bölüşmüş və Vyetnamın neft və qaz sənayesinin yaradılmasında fəal iştirak etmişlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18-19 may 2014-cü ildə Vyetnama dövlət səfəri iki ölkə arasında ikitərəfli və çoxtərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar yaratmışdır. Mən bu əlaqələrin parlaq gələcəyinə inanır və əminliklə deyə bilərəm ki, Azərbaycan-Vyetnam əlaqələrinin səviyyəsi yalnız səmimi və dostluq münasibətləri üzərində qurulmuşdur.

Səmimiyyətlə,

Anar İmanov

Səfir